Azərbaycan Ordusuna dəstək aksiyası zamanı Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycan Ordusuna dəstək aksiyası zamanı təxribat törədənlər Ermənistanın maraqlarını müdafiə edən antimilli ünsürlərdir:

“Bu ümummilli aksiyadan məkrli məqsədlər naminə istifadə cəhdləri də müşahidə olundu ki, bu, tamamilə yolverilməzdir. Bu, özünü orduya dəstək prosesinə siyasi rəng qatmaq, aksiyanı nəzarətdən çıxararaq xaos yaratmaq cəhdlərində göstərdi. Əlbəttə, sərhəddə hərbi əməliyyatların davam etdiyi, işğalçıya adekavat cavab verildiyi zaman bir qrup şəxsin paytaxt Bakıda iğtişaş yaratmağa çalışması, hətta Azərbaycan Respublikasının Milli Məclisin binasına daxil olaraq qanunazidd əməllər törətməsi, asayiş keşikçilərinə qarşı zorakılıq və müqavimət göstərilməsi qəbulolunmazdır. Bu, həm dövlətimizin milli maraqlarına, həm ölkə Konstitusiyasına və qanunlara ziddir, həm də Vətənimiz, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin ruhuna sayğısızlıqdır.

Şübhəsiz ki, 1990-cı illərin psixologiyasından qurtula bilməyən antimilli ünsürlərin dəstəklədiyi bu proseslərin hədəfi birmənalı olaraq Azərbaycanın inkişafına maneə yaratmaq, ölkəmizdə sabitliyin pozulmasına və xaosun yaranmasına nail olmaqdır. Bütün bunlar isə Ermənistanın, ermənipərəst və anti-Azərbaycan dairələrin maraqlarına xidmət edir”.

Nigar Orucova