Son dövrlər hüquq-mühafizə orqanlarının ayrı-ayrı dövlət qurumlarında həyata keçirdikləri əməliyyatlar, aşkarladıqları cinayət əməlləri müzakirə olunmaqdadır. Öncə Sərhəd Xidmətində, Mədəniyyət Nazirliyində, daha sonra Xarici İşlər Nazirliyində analoji əməliyyat keçirildi və həbslər oldu. Yüksək vəzifəli şəxslərin həbs olunması təqdir olunsa da, aidiyyatı qurumlarda birinci şəxslərin məsuliyyətdən kənarda qalması birmənalı qarşılanmır.

Bu və ya digər məsələlərlə bağlı Unikal.org-a müsahibə verən Ümid Partiyasının sədri İqbal Ağazadə ilə söhbətə də elə bu mövzudan başladıq. 

-İqbal bəy, cəmiyyətdə belə fikirlər var ki, nazirliklərdə əməliyyat keçirilir, nazir müavini, digər məmurlar həbs olunur, amma nazir buna görə məsuliyyət daşımır. Bu, necə olur?

-Əməliyyatların keçirilməsi tapşırığını və cinayətlərin müəyyən olunmasını bütövlükdə hakimiyyət strukturları təyin edir. Başqa bir mərkəz harada cinayət halının baş verməsini müəyyənləşdirə bilməz və əməliyyat keçirməyi tapşıra bilməz. Bu məsələlərlə bağlı ən yüksək səviyyədə tapşırıqlar verilir. Qərar veriləndə kimi tutub, kimi tutmamağı, kimin vəzifədə qalıb-qalmayacağını müəyyənləşdirən hakimiyyətdir. Buna mənim hər-hansı münasibətim ola bilməz. Bu cür məsələlər hüquq-mühafizə orqanlarının hər-hansı bir faktın araşdırılması hadisəsi deyil. Bu cür əməliyyatlar dövlətin yuxarı strukturlarında müəyyən olunur və gerçəkləşdirilir. Demək, kimin həbs olunub- olmayacağı qərarı da orada verilir. Ona görə də burada dartışılası bir şey yoxdur.

- Sizin bu prosesə siyasi müxalif kimi münasibətinizi bilmək istəyirəm...

-Mənim siyasi münasibətim birmənalıdır. Mən Azərbaycan iqtidarının bütövlükdə idarəetmə sisteminin bu detallar və sxemlər üzərində qurulduğunu uzun illərdir deyirəm. Parlamentdə olanda da, indi də həmin mövqeni ifadə etmişəm. Sistem dəyişməyənə qədər ciddi dəyişiklik ola bilməz. Baş verən hadisələri də sistem cinayəti hesab edirəm. Xarici İşlər Nazirliyindən əvvəl Mədəniyyət Nazirliyində də əməliyyat keçirildi. Sabah hansısa başqa nazirlikdə əməliyyat keçirilsə, bu faktlar ortaya çıxmayacaqmı? Demək ki, bunlar sistemlə bağlı olan məsələlərdir. Buna sistem cinayətləri aspektindən yanaşmaq lazımdır. Sistem cinayətlərini aradan qaldırmaq üçün yeni idarəetmə sisteminə keçidin əsasları ortaya qoyulmalıdır. Yeni bir sistem doktrinası işlənilməlidir ki, onun da içərisində həm yeni təfəkkürlü insanlar, həm də idarəetmənin fəlsəfəsinin özü bütöv dəyişməlidir. Bir müxalifət partiyasının rəhbəri kimi hər zaman yanaşmam bu olub. Hakimiyyət sistemi dəyişməyib problemləri ayrı-ayrı adamların, fərqli epizodların üzərinə atsa da, onu durdurmağa çalışsa da, bütövlükdə sistemi dəyişə bilməyəcək. İqtidar bu sistemi dəyişə bilmədiyinə görə, biz də iqtidarı dəyişməyə çalışırıq. 

-Gəlin, bir qədər real danışaq da... İllərdir görürsünüz ki, hakimiyyəti dəyişmək mümkün deyil. Bir məsələ var ki, cəmiyyətdə bəlli personalara qarşı sərt münasibət var. Məsələn, Elmar Məmmədyarova olan münasibət ortadadır...

-Siz Azərbaycanda hansısa nazirin sevilməsini eşitmisinizmi? Azərbaycanda sevilən məmur varmı? Yoxdur. Bəli. Uzun müddət yerində qalanlar və daha çox ortada olanlara daha sərt münasibət var. Amma ümumən hər-hansı sevilən persona yoxdur. Ramin Quluzadəni cəmiyyət tanımır, çünki onun insanlarla mütəmadi təması olmur. Bir dənə internetdə problem olanda Ramin Quluzadə yada düşür. Yəni,  persona olaraq, diqqət mərkəzində olmur. Amma bizim Qarabağ kimi promlemimiz olduğuna və mütəmadi danışıqlar aparıldığına görə Xarici İşlər naziri persona olaraq göz önündə olur. Bəli, mən Elmar Məmmədyarovun fəaliyyətini qəbul etməmişəm. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin doktrinasının olmadığı qənaətindəyəm. Amma personalar ciddi dəyişiklik edə bilməz. 2003-cü ildən bu yana dəyişməyən nazir varmı? Hamı dəyişib. Sizcə, həmin nazirliklərdə idarəetmə fəlsəfəsi dəyişibmi?

-Niyə ki, müəyyən...

-(Sualı sona qədər dinləmir) Ciddi heç nə dəyişməyib. Hamısında problemlər qalıb. Deməli, söhbət personalardan getmir, sistemdən gedir.  Elə üç-dörd dəfə yenilənən nazirlik var. Amma həmin qurumda ciddi heç bir dəyişiklik nəzərə çarpmır. Bəli, kosmetik, xırda-para dəyişikliklər var. Lakin sistematik dəyişiklik yoxdur. 

-Hakim komandanın bu boyda kadr bankında bir normal persona yoxdurmu? Bəlkə elə siz müxalifətçiliyinizə salıb görmürsüz?

-Mən hakimiyyətə bütöv baxıram. Bütöv siyasətə nəzərən qiymətləndirmə edirəm. Ona görə də şəxs olaraq kimisə pisləmək niyyətim yoxdur. Mən görəvlərin icrasına baxıram. Ümumilikdə, hakimiyyətin siyasətinə qiymət verirəm. Prezident deyiləm ki, hər-hansı konkret sahəyə qiymət verib. Deyim ki, iqtisadiyyat nazirim yaxşı işləyir, vergi nazirim pis, maliyyə nazirim ortabab işləyir, bir başqa nazirim də heç işləmir. Buna Prezident nəzarət edə bilər və ona nəzərən də komandasını dəyişər, formalaşdırar. Mən müxalifət olaraq, ümumən hakimiyyətin apardığı siyasətin kafi, yoxsa qeyri-kafi olduğuna qiymət verirəm. Hesab edirəm ki, bütün sahələrdə kafi qiymət vermək mümkün deyil. Sosial vəziyyətə, Qarabağ məsələsinə, münasibətlər sisteminə, iqtisadi sahəyə baxanda yaxşı qiymət cəmiyyətin arzu elədiyi qiymət deyil.  

-Cəmiyyətin Məmmədyarovu ən çox ittiham elədiyi məsələ onun Azərbaycan dilində danışa bilməməsidir. Bu ki sistem məsələsi deyil...

-Təəssüf ki Məmmədyarov nümunəsi tək nümunə deyil. Bu gün ölkədə nazirliklərin hamısında rus dili hakimdir. Kluarlarda, dəhlizlərdə münasibətlər sistemi bu dildədir. İstənilən nazirə zəng eləsəniz, katibəsi sizinlə rus dilində danışacaq. Bunun da təbii səbəbləri var. Ölkənin məktəblərində rus dilində təhsil almaq üçün yer yoxdur. Azərbaycan sektorları boş, rus sektorları ağzına qədər dolu. Aparılan siyasət budur. Biz nə edək? Əgər Azərbaycanda ana dilinə münasibət siyasəti fərqli olsaydı, Elmar Məmmədyarovun ağzı nə idi Azərbaycan dilini öyrənməsin. Elə öyrənərdi, bal kimi. Necə ola bilər ki, ölkənin Baş qərargah rəisi Azərbaycan dilində danışa bilməsin. Mədəniyyət naziri Azərbaycan dilində düz-əməlli danışa bilirdi ki? Adam İlhamə Quliyevaya şəhid deyirdi. Bu kimi məsələləri kontekstdən çıxarıb bir şəxsin məsuliyyəti kimi qələmə vermək doğru deyil. 

-Siz hakimiyyətə gəlməyə iddiası olan partiyanın liderisiniz. Hakimiyyətə gələcəyiniz təqdirdə indiki hakim komandada hansısa kadrla işləyə bilərsinizmi?

-Siyasi təyinatı olan bir adam belə mənimlə işləməyəcək. Ora kimlər aiddir?.. Nazirlər. Mənim tələb elədiyim, qurduğum sistemdə indiki nazirlərin heç biri işləməyəcək. Mənim komandamda ölkəni idarə edə biləcək nə qədər desən, bacarıqlı mütəxəssislər var. 

Z.Məmmədli