Azərbaycan Ordusu işğalçı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribatının qarşısını qətiyyətlə aldı. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi.

“Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması lazımdır” tezisini irəli sürərək,  ordu quruculuğu istiqamətində biri-birindən əhəmiyyətli addımlar atan  ulu öndər Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasətinin   son 16 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi   ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlardan da aydın görünür. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb.  2016-cı ilin  Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri  Azərbaycan Ordusunun hər an işğal altında olan torpaqlarımızı azad etmək imkanında olduğunu təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev daim bu bəyanatı  səsləndirir ki,  Ermənistanın   təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Təbii ki, bu inama əsas verən Azərbaycan Ordusunun böyük  imkanlara malik olmasıdır.

İyulun 12-də baş verən hərbi təxribat bunu bir daha təsdiqlədi.  Azərbaycan öz  dövlət  sərhədini qorudu,  Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı. Ən əsası  Ermənistan hakimiyyətinin ordusunun gücü barədə təsəlli xarakterli  bəyanatının sərsəmliyi bir daha özünü təsdiqlədi.  Belə ki, işğalçı dövlət daim belə bir bəyanatla çıxış edir ki,  Azərbaycan tərəfi hərb variantını seçərsə, məğlubiyyəti qaçılmazdır. Artıq bu mif dəfələrlə  iflasa uğrayıb.

Dövlətimizin başçısı İlham Əliyev  Təhlükəsizlik Şurasının iclasında, eyni zamanda,  Nazirlər Kabinetinin 2020-ci ilin birinci  yarısının  sosial-iqtisadi inkişafının yekunlaına və  qarşıda duran vəzifələrə həsr olunan iclasında bu kimi məsələlərə diqqət yönəldərək  bütün məsuliyyəti  Ermənistan hərbi-siyasi rəhbərliyinin daşıdığını diqqətə çatdırdı. 

Azərbaycan əsgəri  işğal altında olan torpaqlarımızı azad etmək üçün daim böyük ruh yüksəkliyi ilə dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hazırdır.   Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasınn müdafiəsi yolunda irəli!” çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur. Orduya dəstək hər bir vətəndaşın borcudur.  Ən əsası ölkədə vətənpərvərlik hissinin daha da  artırılması  günümüzün əsas tələbləri sırasındadır.  14-15 iyul tarixlərində  Azərbaycan Ordusuna dəstək adı altında  keçirilən aksiya  ölkəmizdə  vətənpərvərlik  ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Bu aksiya bir daha təsdiqlədi ki, ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi dövlətin qüdrətini daha da artırır. Eyni zamanda, ordu dövlət qayğısı altında olmaqla yanaşı,  xalqın qayğısı ilə də əhatə olunmalıdır.  Məhz  keçirilən aksiya bu birliyin bir daha təqdimatı oldu. Amma təəssüflər olsun ki,  yaradılmış şəraitdən sui-istifadə edənlər  oldu. Onlar  prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərdilər.  Əhmədli qəsəbəsindən başlayaraq Milli Məclisin binasına qədər keçirilən həmrəylik yürüşündə  bəzi dairələrin onun əhəmiyyətini azaltmaq, ictimai fikri çaşdırmaq üçün   göstərdikləri cəhdlər birmənalı qarşılana bilməz. Bu baxımdan ki, artıq ölkə ictimaiyyəti  bu kimi ixtişaş cəhdlərinin ssenarisinin kimlərə məxsus olduğunu çox yaxşı bilir. Onların məqsədi daim ölkəmizdə  ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaq, yaranmış vəziyyətdən öz çirkin niyyətləri üçün istifadə etməkdir. 14-15 iyul tarixində keçirilən yürüşdə yaşananlar da bunu bir daha nümayiş etdirdi. Xarici  dairələrin əlində oyuncağa çevrilən bu ünsürlərin həmin gün   etdiyi pozucu hərəkətlər  1990-cı  illərin əvvəlində baş verən  hadisələri xatırlatdı. Həmin dövrün iqtidarının  ölkədə yaratdığı xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran yaddaşlardadır.  Amma bu ünsürlər unudurlar ki, bugünkü Azərbaycan həmin illərin Azərbaycanı, xalqımız həmin dövrün xalqı deyil.   29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan böyük inkişaf yolu keçib. Bu gün ölkəmiz  bütün sahələrdə  təkmil islahatları ilə dünyanın diqqətindədir. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir.  

Cəmiyyət qanunlarla idarə olunur. Hər kəsin qanun qarşısında məsuliyyəti eynidir. Yürüş zamanı bir qrup şəxsin Milli Məclisin binasının qapılarını qıraraq içəri daxil olması, dağıntılar törətməsi, digər qrupun polis maşınını çevirməsi təbii ki, birmənalı qarşılana bilməz.   Milli Məclisə vurulan ziyanın  məbləği də  açıqlanıb. Artıq bu kimi addımlar  ssenarinin kimlərə məxsus olduğunu  açıqlayır. Çünki  ssenaristlərin özü  birillik hakimiyyətləri dövründə  ölkə malını talan etməklə,  dağıtmaqla  məşğul olub. Bu gün də hər bir addımlarında ənənələrinə  sadiqliklərini nümayiş etdirirlər. Sual olunur:- Bir tərəfdən ölkədə pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, digər tərəfdən Azərbaycan-Ermənistan  sərhədində baş verən təxribat doğrudanmı  bu ünsürləri  bir  vətəndaş olaraq  narahat etmir: Şəxsi ambisiyalarının quluna  çevrilən bu dairələr  dövlətə, xalqa xəyanət yolunu tutmaqla  ictimai  qınağı daha da dərinləşdirirlər.  Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında bir daha bu məqama diqqət yönəldərək bildirmişdir ki, biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. 

Bu çirkin ünsürlər  vəziyyəti gərginləşdirmək istəyir: “Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır”. Hüquq-mühafizə orqanlarına  bu işlərlə məşğul olmaq tapşırığının verildiyini vurğulayan dövlətimizin başçısı  İlham Əliyev bildirmişdir ki, əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir: “Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

Millət vəkili Ağalar Vəliyev