İş adamı Şahin Mövsümovun rəhbəri olduğu Azərbaycan Kamandan Oxatma Federasiyasının  idmançıları məşqsiz qalıb.

Bu barədə qurumun vitse-prezidenti Murad İsfəndiyarov Unikal.org-a müsahibəsində deyib:

Kamandan Oxatma Federasiyasında durum necədir?

- Federasiyada prezident və vitse-prezident qeyri-rəsmidir. Biz də daxil olmaqla, əksər federasiyalar ictimai qurumdur. 

Mən hazırda ictimai qurumun üzvüyəm. Bildiyiniz federasiyalar kimi elə də geniş qurum deyilik. Federasiyamız ictimai əsaslarla çalışır, 2-3 nəfərdən ibarətik.
Nə lazımdırsa, təsisçimiz Şahin müəllim (qurumun rəhbəri işadamı Şahin Mövsumov- red.)  təlimatları verir, biz də həyata keçiririk.

- Milli komandanın hazırkı vəziyyəti necədir? Əlaqə saxlanılırmı?

- Bildiyiniz kimi, bizdə idman tədbirləri  dayandırılıb. Məşqlərimiz də açıq  hava şəraitində keçirilirdi. İdmançılarımızın atıcılıq qabiliyyətlərini təkmilləşdirməsi və itirməməsi üçün  60m, 70m, 90 m məsafəyə atışlar nəzərdə tutulurdu.  Komanda üzvlərinin məşq etdiyi mərkəzimiz vardı. Belə ki, icari əsaslarla Hövsan İdman Kompleksində məşqlər aparılırdı. Sadəcə olaraq iyulun 1-dən etibarən bunu edə bilmirik. Çünki həmin idman kompleksi Covid-19 pandemiyasından əziyyət çəkən şəxsləri qəbul etmək üçün xəstəxanaya çevriləcək.

- Hazırda heç yerdə məşqlər edə bilmirsiniz?

- Bəli, orada da fəaliyyətimizi dayandırmışıq və heç bir yerdə məşq edə bilmirik. Amma Gənclər və İdman Nazirliyinin xətti ilə bu yaxınlarda təlim-məşq həyata keçirməliyik. 
Bu da avqustun 3-nə planlaşdırılıb.

- Məşqlərin bərpası üçün federasiya olaraq hansısa  planınız var?

- Açıq havada məşqlərini təşkil etmək üçün, ola bilər, karantin elan olunmayan rayonlara idmançı və məşqçi heyətini göndərərik.

- Legionerlərlə bağlı rəhbərlik nə tapşırıq verib?

- Ümumiyyətlə, bizdə birmənalı olaraq legionerlə bağlı məsələyə yox deyilib. Biz kənardan idmançı alıb millimizə qatmağın vacib olmadığını gördük. Bunu təcrübədən keçirmişik. İndi hazırda yığmanın bütün üzvləri Azərbaycan Respublikasının vətəndaşlarıdırlar.  Onların arasında Azərbaycan və  rus milliyyətindən olanlar var. Rus milliyyətli olanlar azlıq təşkil edir. Onların  Azərbaycanda yaşayanlardır, sərbəst Azərbaycan dilində danışırlar.

- Milli komandanın vitaminə olan tələbatı və ya maddi durumları necə qarşılanır?

- Bunu nazirlik tənzimləyir. Nə məsləhətdirsə, onu verirlər, hara göndərmək lazımdırsa, göndərirlər. Beynəlxalq tədbirlər üçün maliyyələşmə nazirlik tərəfindən həyata keçirilir. Məsələn, Avropa və Dünya çempionatları və Qran-Pri yarışları nazirliyin ilin əvvəlində müəyyənləşdirdiyi büdcə ilə həll olunur. Bura da müxtəlif xərclər - bilet, yemək, hotel və yarışlarda iştirak üçün ilkin ödəniş  xərcləri daxildir.

- Digər xərcləri Şahin Mövsumov həyata keçirir? Məsələn, avadanlıqlar üçün kimə müraciət edirsiniz?

- Onları da nazirlik qarşılayır. Biz müraciət edən zaman büdcədən pul ayıraraq bizə kömək göstərirlər. Bundan əlavə hər bir idmançı və məşqçiyə avadanlıq təhkim olunub. Əgər hər hansı nasazlıq olarsa, məşqçi və köməkçisi tərəfindən avadanlıqlar təmir olunur. Bir peşəkar kaman və ox avadanlığının dəyəri təxminən 1200-1300 avrodan bahadır. Hər bir idmançıya da bu qiymətə avadanlıq alası deyilik. Kiçik yaş qrupları üçün avadanlıqların dəyəri nisbətən ucuzdur. Amma peşəkar yığma komanda üzvlərinin avadanlıqları kifayət qədər bahadır.

Aygün İlqarqızı