Sabah İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd olunacaq. Digər islam ölkələrində olduğu kimi, Azərbaycanda da bu bayram xüsusi təmtəraqla qarşılanır.

Koronavirus pandemiyası dövrünə təsadüf etdiyi üçün cari il bu bayrama hazırlıqda və onun qeyd edilməsində bəzi dəyişikliklər edilib.

Belə ki, Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkasını təşkil edib. COVİD-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib.

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıq heyvan ətlərini, cəmdəklərini xüsusi satış mənqələrindən götürə biləcəklər. Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi isə Qurban bayramı günlərində də adi günlərdə olduğu kimi baytarlıq nəzarəti və heyvan sağlamlığına nəzarət tədbirlərini ardıcıl olaraq davam etdirəcək, bayramın sağlam və təhlükəsiz şəraitdə qeyd olunmasını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək.

Unikal.org qurbanlıqların xüsusi satış mənqələrindən hazırlanan fotoreportajı təqdim edir:

Müxbir: Murad İbrahimov

Fotolar: Müzəffər İsmayılov