Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə küçədə tibbi maska taxmağı məcburi edib. Buna əməl etməyənlər cərimələnəcək.

Unika.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Səhiyyə naziri Aleksey Tsoy bildirib.  

“Otuz iyul 2020-ci il tarixində Səhiyyə Nazirliyi tərəfindən əmr verilib. Əmrə əsasən vətəndaşlar küçədə ictimai yerlərdə daim maska taxmalıdırlar. Biz beynəlxalq təcrübəni öyrənmişik, hansı ki, göstərir ki, təkcə Qazaxıstanda deyil, bir sıra xarici ölkələrdə də hər yerdə, həm qapalı məkanlarda, həm nəqliyyatda, həm də açıq havada maskaların məcburi taxılması tətbiq olunub”, - Tsoy mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu tələbin pozulmasına görə cərimə nəzərdə tutulur.

Qeyd edək ki, ötən sutka ərzində 1 472 nəfərdə koronavirus aşkarlanıb, yoluxanların ümumi sayı 87 664-ə yüksəlib. Sağalan pasiyentlərin sayı 57,8 min nəfərdən çoxdur. Ölkədə COVID-19-dan 793 ölüm halı qeydə alınıb.