Xəbər verdiyimiz kimi, Ermənistan ordusunun şəxsi heyətində sürətli şəkildə koronavirusa yoluxma halları artmaqdadır. Orduda acınacaqlı durum, əsgərlərin koronavirusa yoluxmasının geniş yayılması ölkədə ciddi narahatlıq yaradıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə deyib ki, bu hal sürətli yayılarsa, Ermənistan ordusuna ciddi təsirlərini göstərəcək. Millət vəkilinin sözlərinə görə, koronavirusa yoluxma hallarının yayılması Ermənistan ordusunun zəifləməsinə mütləq təsir edəcək.

“Tək koronavirus deyil, Ermənistan ordusunun bir çox problemləri var. Onların içərisində ordunun az maliyyələşməsi, müasir silahların olmaması, eyni zamanda, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərin olması kimi kifayət qədər səbəblər var. Həmçinin, Ermənistanın sosial şəbəkələrindəki yazılardan da görünür ki, ölkənin əsgərləri başqa bir dövlətin torpağında qulluq çəkdiklərini anlayırlar. Ermənistanın döyüş qabiliyyətini və resurslarını elə də qiymətləndirməzdim. Ermənistanın arxasında bir sıra xarici dairələrin dayanmağı, məhz buna söykənərək də Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlamağı isə başqa məsələdir. Ara-sıra həm cəbhə, həm sərhəd xəttində baş verən hərbi qarşıdurmada Azərbaycan ordusunun üstünlüyü göz önündədir. Lakin koronavirusun geniş yayılması isə ümumilikdə Ermənistan dövlətinin fövqəladə vəziyyətə hazır olmadığını göstərdi. Koronavirusla mübarizə güclü dövlət, güclü sosial-siyasət, əhalinin problemlərinin həlli üçün maddi ehtiyata malik olmağı nəzərdə tutur ki, bunlar isə Ermənistanda heç də yüksək səviyyədə deyil. Bu ölkənin hərbçiləri arasında  koronavirusa yoluxma hallarının sürətlə artmağının ordunun zəifləməsinə də müəyyən təsiri olub. Hər milyon nəfərə düşən xəstə sayına görə Ermənistan ön sıralardadır. Orduya gəlincə, onun tərkibi hər 3 aydan bir dəyişir və istər-istəməz cəmiyyətdə olan problemlər və xəstəliklər orduda da özünü göstərir. Əgər Ermənistan cəmiyyətində bu gün koronavirus xəstəliyi sürətlə yayılırsa, əlbəttə ki, bunun ölkənin ordusuna da ciddi təsirləri olacaq”.

Dürrə Həsənova