Xəbər veridiymiz kimi, 5 avqust tarixindən etibarən karantin rejimində bəzi yumşalmalar olsa da, iş yerlərinin açılmaması heç də ürək açan olmadı. İşsiz qalanlar sırasında gəliri toylar və konsertlərdən çıxan sənət adamları da var.

Mövzu ilə bağlı Unikal.org-a açıqlama verən Xalq artisti Nazpəri Dostəliyeva deyir ki, xalq artisti adına görə heç vaxt toxunmadığı pullar bu gün müğənninin köməyinə çatıb.

“İncəsənət adamları üçün qapalı mühit arzu olunan deyil. Hər zaman tempdə olan insanlar üçün bu qəfəsə salınmış kimi idi, amma nə edək ki, belə də lazımdır. Özümüzün və doğmalarımızın sağlam, həyatda qalması üçün belə lazımdır. Gözlərim önündə o gənc insanların vəfatını gördüm, qorxunc idi. Mən bu gün ac qala bilərəm amma toylara gedib əzizimi itirsəm o pul mənə halal olmaz. Artıq SMS icazə ləğv edilib, bəzi yumşalmalar var. Ümid edirəm ki sentyabra qədər həyat öz ritmini tapar, əsas odur ki doğmalarımızı itiməyək. İnsanları çox gözəl başa düşürəm, əsəblər gərginləşib,  onlar daha da aqressivləşiblər. Hər gün evinə 5 manat qazanc gətirən insanlar bu gün onu edə bilmirlər. Körpələr axı başa düşmür karantin, xəstəlik nədir. Biz müğənnilərin də gəliri toylardandır. Elə müğənnilər var ki, kirayə evdə yaşayırlar, ruzisiz-çörəksiz qalıb əziyyət çəkirlər. Həm də tanınmış bir sima axı necə gedib hansısa başqa işdə işləyə bilər? İndi lap karantin açılsa da qarşıdan Məhərərəm və Səfər ayları gəlir ki, həmin vaxtlarda da toy olmur. Ümidimiz Məhərrəmlikdən sonraya qalıb. Xalq artisti adına görə bizə verilən pula heç vaxt toxunmamışdım. İndi o köməyimizə çatır. Deməli, o pul bu günlər üçün lazım imiş. Mən tək deyiləm, bacım-qardaşım, doğmalarım, onların balaları var ki, heç yerdə işləmirlər, hər birinə də əl tuturam".

Dürrə Həsənova