"Bizim heç bir rəqibimiz olmayacaq"
"Bizim heç bir rəqibimiz olmayacaq"

Eldəniz Vəliyev: "Biz xəbər vermək naminə xəbər verməyəcəyik"

Azərbaycan tamaşaçısı telereportyor və teleaparıcı Eldəniz Vəliyevi yaxşı xatırlayır. Bu gün onu oxucularımıza yeni ampulada təqdim edəcəyik: APA Holdinqin internet telekanalının baş direktoru kimi...

-Eldəniz müəllim, Azərbaycan tamaşaçısı Sizi dinamik üslublu bir telereportyor və özünəməxsus koloriti olan teleaparıcı kimi tanıyırdı. Bu gün isə artıq yeni postda görürük - telekanalın rəhbərisiniz. Bu posta gəliş hansı zərurətdən qaynaqlandı və yeni əməkdaşlıq necə başlandı?
-Səmimiyyət olandan sonra o dinamikanı bütün sahələrdə qoruyub saxlamaq olur. Əsas məsələ odur ki, sevdiyin işlə məşğul olursan və bütün işlər qaydasında gedir. Əməkdaşlığa gəlincə, bu mənim üçün də gözlənilməz oldu. Daha doğrusu, gözləmədiyim bir şəraitdə oldu. Amma əsas faktın özü maraqlı idi ki, bu işlə məşğul olmaq üçün mən bu posta dəvət olundum. Təbii ki, televiziyaçılıq mənim sevdiyim işdir. Daha doğrusu, digər işlərlə müqayisədə ən yaxşı bacardığım işdir. Ona görə də yenidən televiziya işinə qayıtmağa razılıq verdim.
-Adətən, hər bir insan özünü tam təsdiq etmək üçün münasib şərait və münasib zaman axtarışında olur. İndi Eldəniz Vəliyev bu zamanda və o məkanda, yəni internet telekanalında nələri edə biləcək və nələri planlaşdırır?
-Özünü təsdiqləmək üçün peşəyə gəlincə, hesab edirəm ki, bir çox situasiyalarada özümü artıq peşəkar jurnalist kimi təsdiqləmişəm. Mən Azərbaycanda yeganə televiziyaçıyam ki, bir sıra ilklərə imza atmışam. Bu ilklərdən ən önəmlilərindən biri canlı yayımlar olub. Azərbaycan televiziyasının tarixində o cür genişformatlı canlı yayımlar olmayıb. Amma rəhbər olaraq, bir telekanalın müdiri olaraq çox çətin və məsuliyyətli bir işə razılıq vermişəm. Xüsusən də indiki dövrümüzdə olduqca məsuliyyətli bir işdir. Hesab edirəm ki, indiki Azərbaycan mühitində belə bir iş qurub başqalarından fərqlənmək çox çətindir. Məncə, bu sahədə həm rəqabət yoxdur, həm də təcrübə azdır. Əgər rəqabət olsaydı, adam daha geniş istiqamətlərdə fəaliyyətə başlayıb birinci olmağa can atardı. Bununla belə, hesab edirəm ki, gələcəkdə bizim heç bir rəqibimiz olmayacaq. Mənim hədəfim - Azərbaycan teleməkanında eyni layihə və eyni xətt üzrə inkişafa nail olmaqdır. Televizya sahəsində olan rəhbər dostlarımın köməkliyi ilə bizim qəbul elədiyimiz, müraciət elədiyimiz telelayihələr digərlərindən müəyyən dərəcədə fərqlənəcək və ola bilsin ki, bizim layihələrimiz başqa telekanalların hansısa layihələrinə bənzəsin. Amma önəmli olan budur ki, biz nələri deyil, bu nələri tamaşaçıya necə təqdim edəcəyimizin, faktlara, hadisələrə necə yanaşacağımızın fərqində olacağıq. Bu baxımdan biz digər telekanallardan fərqlənə biləcəyik və eyni zamanda onlardan fərqli olaraq xəbərə sözün həqiqi mənasında xəbər kimi yanaşacağıq. Gecikmiş xəbərin əhəmiyyəti həmin saniyədən itəcək. Biz xəbər vermək naminə xəbər verməyəcəyik. Ola bilər ki, bizim efirimizdə başqa kanallardan fərqli olaraq xeylib informasiya gedəcək, amma bunlar Azərbaycan tamaşaçısına daha çox lazım olan, onun daha çox eşitmək istədiyi xəbərlər olacaq. Yəni biz xəbər vermək xatirinə xəbər yaymayacağıq. Çünki xəbər vermək naminə verilən xəbərlər həm onu yayana, həm də onu dinləyənə sözün həqiqi mənasında heç bir təsir göstərmir. Sadəcə, tamaşaçının boş-boşuna vaxtını alırsan. Bizim başlıca sərvətimiz və hədəfimiz tamaşaçıdır. Buna görə də, təbii ki, onun üçün işləyəcəyik. Və işimizin kökündə duran əsas qayə ilk növbədə Azərbaycan dövlətçiliyi olacaq.
-Bizim oxucular və Sizin gələcək tamaşaçılarınız üçün hansı telelayihələrlə, verilişlərlə, proqramlarla efirə çıxacağınız barədə ilkin məlumat verə bilərdinizmi? Nələri daha çox qabardacaqsınız?
-Məsələ burasındadır ki, layihələrimizlə bağlı açıqlama vermək istəmirəm, çünki Azərbaycanda müəlliflik hüquqları yaxşı qorunmur. Biz də bu baxımdan sığortalanmamışıq ki, indidən açıqlayacağımız layihələr hansısa təşkilatın və yaxud hansısa telekanalın "yem"inə çevrilməyəcək. Lakin bir şeyi deyə bilərəm ki, kifayət qədər sanballı, tamaşaçının zövqünü oxşayan, dinamikaya malik layihələrimiz olacaq. Və eyni zamanda bu layihələrin məğzində bir maarifləndirmə ab-havası olacaq.
-Bldiyimə görə, artıq öz komandanızı yığmağa başlayıbsınız və bu seçimdə professionallara üstünlük verilir. Sirr deyilsə, tamaşaçı sizin ekranda kimləri görəcək?
-Bu, əslində, sirr deyil. Amma bizdən asılı olmadan elə bir mühitdə, elə bir cəmiyyətdə yaşayırıq ki, bəzi gələcək əmkdaşlarımızın adlarını indidən açıqlamaq istəmirəm. Çünki onlar elə mühitlərdə çalışırlar ki, adamın sərbəst şəkildə ərizə əsasında işdən çıxıb getməsinə imkan verilmir. Ona görə də işçilərimizin də çoxusunun adını indidən elan etmək istəmirəm. Müəyyən müddətə qədər bu, bir sirr olaraq qalacaq. Tamaşaçı ekrana baxanda tanış simaları görərkən tam bir sürprizlə üzləşəcək.
-Bilirəm ki, Azərbaycan teleməkanındakı proseslərin cikinə də bələdsiniz, bikinə də. Çünki bu "mətbəx"in lap içində olubsunuz. İndiki telekanallarımızın səviyyəsi, verilişləri bir professional kimi Sizi qane edirmi?
-Çox zəifdirlər. Konkret olaraq bir neçə verilişləri çıxmaq şərtilə Azərbaycan teleməkanında tamaşaçı kimi narazı qaldığım bir çox məqamlar var. Ona görə də çalışacağıq ki, həmin səhvləri təkrarlamayaq və yaxud da ki tamaşaçı zövqündən uzaq duran verilişlər hazırlamayaq. Mənim hazırda əsas fəaliyyətim buna doğru yönəlib. Bunu da qeyd edim ki, verilişlərin səviyyəsi həm də layihənin rəhbərindən və aparıcıdan da çox asılıdır. Mən bu işə girişəndə, razılıq verəndə APA Holdinqin prezidenti xanım Vüsalə Mahirqızının dəvətini qəbul edndə və onunla ümumi məxrəcə gələndə oturub bu istiqamətdə xeyli fikirləşdim ki, hansı işləri görəcəyəm. Həmin o düşüncə məqamında hesab edirdim ki, mənim üçün ən asanı kadr siyasətidir, digərləri daha çətin olacaq. Amma prosesin gedişində gördüm ki, əksinə, yanılmışam, sanballı kadr tapmaq daha müşkül işdir. Mən səmimi olaraq deyirəm ki, Azərbaycanda normal teleaparıcı tapa bilmirəm. Hansı ki biz bu normal aparıcıya "stavka" etmək niyyətinədyik. Aparıcının istər siyasi, istər sosial-mədəni, istərsə də dini məlumat səviyyəsi yüksək olmalıdır. Mən hələ ki belə bir aparıcı görmürəm. Görün, işin harasıdır ki, biz elan vermək məcburiyyətində qalmışıq. Təəssüflər ki, bunun da nəticəsi müsbət deyil. Verilişlərin keyfiyyəti aparıcıdan çox asılıdır. Aparıcı zəifdirsə, o, dünyanın ən gözəl verilişini, ən gözəl dekorasiyasını ortalığa qoysan, yenə də mənası yoxdur. Məncə, bu gün Azərbaycan televiziyaçılığında ən böyük problemlərdən biri kadr siyasətidir. Buna görə də bizim jurnalistika yüksələn xətlə inkişaf etməkdənsə əks iqtiqamətə irəliləyir. Günü-gündən cılızlaşma gedir, səviyyəsizləşmə gedir, xırda, heç kimə lazım olmayan, populizmlərlə xal qazanmağa çalışan meyllər artır. Bax, bu meylin üzərində də teleaparıcılar, telejurnalistlər formalaşır.
-Televiziya işində dörd əsas cəhət nəzərdə tutulur: maaarifləndirmə, düşündürmə, informasiya təminatı və əyləndirmə. Sizə elə gəlmir ki, telekanallarımızda bu balans pozulub? Yəni "təmiz oyun" oynanılmır?
-Əslində, televizyalarımızda bütün parametrlərdə balans pozulub. İstər əyləndirmədə, istər maarifləndirmədə, istərsə də digər sahələrdə. Teleinformasiyalara diqqət edin, istənilən telekanalın özünün siyasi xətti var. Və bu xəttə uyğun olaraq informasiyaya dəxli olan tərəflərin hüquqları pozulur. Təqdim edilən informasiyada balans 50-50-yə qorunmalı olduğu halda bu ədalət prinsipi gözlənilmir. Televerilişlərdə maarifləndirmə siyasəti də çox aşağı səviyyədədir. Ən çox pozulan balans isə əyləndirmə siyasəti ilə bağlıdır. Daha doğrusu, telekanallar əyləncəni o qədər qabardırlar ki, ifrata, duzsuzluğa gedib çıxır. Və təbii ki, hər şeyin ifratı bir ikrah hissi doğurur. Təsəvvür edin ki, bu gün ən çox baxılan və adını çəkmək istəmədiyim televiziyalar nəyin hesabına pul qazanır? Ancaq ucuz əyləncə verilişlərinin hesabına. Artıq Azərbaycanda elə bir mühit formalaşdırıblar ki, reklamçılar da reklamlarını maarifləndirmə və yaxud xəbərçiliklə bağlı proqramlarda deyil, əyləncə proqramlarında yerləşdirməyə üstünlük verirlər. Çünki Azərbaycan tamaşaçısı daha çox əyləncələrə baxmağa üstünlük verir. Bunu, bəlkə də, səviyyəli verilişlərin yoxluğu ilə izah etmək mümkündür. Və ya əyləncə verilişlərini elə bir səviyyədə təşkil edirlər ki, bu, insanların xəstəliyinə çevrilib. Amma, bəlkə də, tamaşaçı ona görə digər proqramlara qarşı ona görə laqeydləşib ki, çoxdandır ki, eşitmək istədiyini eşidə bilmir. Bəlkə də, tamaşaçı buna görə siyasi məzmunlu verilişlərdən yayınır. Biz öz işimizdə maaarifləndirmə və informasiya xidmətinə daha çox yer ayıracağıq. Demirəm ki, əyləncə verilişlərindən tamamilə imtina edəcəyik. Yox. Amma bizdə bu "sektor"un payı az olacaq. Amma az olsa da, bu cür layihəlrimizin də çox yüksək səvviyyədə olacağını təxmin edirik. Gün ərzində hər cür informasiya ilə bıqdırılan tamaşaçını 1 saat müddətində rahatlanmağa dəvət edə biləcəyik.
-Sizə qulaq asıram və düşünürəm ki, həsəd aparacağım işə girişmirsiniz? Qorxmursunuz bu yükdən?
-Qətiyyən! Çünki peşəkarlığını artıq çoxdan sübut etmiş Vüsalə Mahirqızının yanındayam... Və bu məni çox sevindirir.

Söhbətləşdi: Savalan