ReAL Partiyası bir neçə gün öncə qurultay keçirib. Koronavirus pandemiyası ilə əlaqədar partiyanın qurultayı virtual şəkildə baş tutub. Partiyanın strukturları formalaşsa da, sədr seçkisi sonrakı mərhələyə qalıb. 

“Unikal” qəzetinə müsahibə verən ReAL Partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qurultay və sonrakı dönəmlə bağlı fikirlərini bölüşüb.  

-Natiq bəy, artıq qurultayınızı keçirdiniz, öncə partiyanızın ali tədbiri ilə bağlı fikirlərinizi bölüşərdiniz.

-Biz təsis qurultayını çoxdan keçirməyi planlaşdırırdıq. Ötən ilin dekabrın 16-da qurultay keçirmək üçün müraciət etmişdik. Təəssüf ki, o zaman Bakı Şəhər İcra Hakimiyyəti yer ayırmadı. Sonra isə növbədənkənar parlament seçiləri oldu. 31 namizədlə seçkiyə qoşulduq deyə,  qurultay arxa plana keçdi. Dünyanı əhatə edən bu bəla Azərbaycana da təsir etdi, karantin rejimi elan olundu. Uzun zaman bu karantin rejiminin davam edəcəyini və bir yerə toplanmanın mümkün olmadığını düşünərək qurultayı virtual şəkildə keçirmək qərarına gəldik. Bununla bağlı Ədliyyə Nazirliyinə müraciət etdik, etiraz edilmədi, biz də tədbirimiz keçirdik. Regional məclislərdən seçilmiş və təşkilat komitəsi tərəfindən təklif olunmuş 108 qurultay nümayəndəsi ilə tədbir keçirməyi qərar verdik. 98 nəfərlə qurultayımızı keçirdik, 4 saatdan artıq davam elədi. Ciddi fikir mübadiləsi oldu, partiyanın təsisinə qərar verildi, nizamnaməsi və proqramı qəbul edildi, rəmzlər təsdiqləndi. Sonra partiyanın nəzarət və idarəetmə orqanlarına seçkilər baş tutdu. Siyasi komitəyə 6 nəfər üzv seçildi. Eyni zamanda, Siyasi Komitənin gələcəkdə tanınmış, nüfuzlu adamları dəvət etməyinə səlahiyyət verildi.

-Maraqlıdır ki, qurultay partiyaya sədr seçmədi...

-Siyasi Komitənin ilk iclasında sədr seçiləcək. Biz özümüz bilərəkdən bu müddəaları nizamnaməyə saldıq ki, daha çox kollegial idarəetmə olsun. Əvvəlki nizamnamədə sədrin çox böyük səlahiyyətləri var idi. İndi səlahiyyətlər daraldıldı. Bundan sonra Siyasi Komitə istənilən an sədri rəhbərlikdən kənarlaşdıra bilər. Beş nəfərdən ibarət nəzarət təftiş komissiyası da seçildi. Bütün qurultay nümayəndələri növbəli şəkildə NTK-da təmsil olunacaqlar. Üç aydan bir komissiya üzvləri dəyişdiriləcək. Beləliklə, bütün nümayəndələr növbəti qurultaya qədər təmsilçilik hüququ qazanacaqlar. 

-Sizcə, sədri daha çox nümayəndəsi olan qurultayın seçməsi azsaylı Siyasi Komitənin seçməsindən daha məntiqli olmazdımı?

-Siyasi Komitəni qurultay seçib. Bilirsiniz, sədr qurultayda seçiləndə daha yüksək səlahiyyətlərə malik olur və İdarə Heyəti qarşısında hesabatlılığı azalır. Belə ki, "məni qurultay seçib, hesabatı da qurultaya verəcəyəm" deyə bilər. Qurultay da dörd ildən bir olacaq. Biz istədik ki, həm sədr, həm İdarə Heyəti hesabatlı olsun. Yeni sistemin tətbiqi hesabatlılığın artırılması və kollegial qərarların verilməsinə imkan yaradacaq. 

-Sədrin alternativsiz seçilməsi ReAL Partiyası daxilində demokratiyanı kölgə altına almır ki?

-Mən əksini düşünürəm. Siyasi Komitənin istənilən üzvü sədrlik üçün öz namizədliyini irəli sürə bilər. Səsvermədə kim daha çox səs alarsa, o da seçiləcək. Ən vacibi odur ki, Siyasi Komitə hər hansı səhvi olarsa, istənilən an qurultay çağırılmadan sədrin istefasını tələb edə bilər. Bu mənada hesab edirəm ki, yeni qayda daha demokratikdir. Azərbaycanda partiyalar uzun illər şəxslər ətrafında qurulub, ideoloji platforma, kollegial idarəetmə olmadan, fəaliyyət göstərmədən həmin şəxsin ağzına baxıb. Partiyaların taleyi sədrin iki dodağının arasında olub, bu gün də elədir. Amma ilk dəfədir bir kollegial orqan meydana çıxır ki, sədr sadəcə qərarların icra mexanizminə nəzarət funksiyasını yerinə yetirir və məsuliyyətini daşıyır. Eyni zamanda, Siyasi Komitə tərəfindən daim nəzarət olunmaya açıq olacaq. Digər tərəfdən, ən azı ayda iki dəfə Siyasi Komitənin qarşısında hesabatlı olacaq. 

-Sədrə nəzarət edəcək şəxslər bəllidir. Sədrə münasibət, onun istəklərinin gerçəkləşməsinin Siyasi Komitədəki bir neçə nəfərin maraqları çərçivəsində olmayacağını nə ilə əsaslandırarsınız? Yəni, Natiq Cəfərli, Erkin Qədirli, İlqar Məmmədov nə istəyəcək, o da olacaq, yoxsa başqa cür olacaq?

-Siz bizim hər zaman eyni fikirdə olduğumuz qənaətindəsiniz. Amma bu, belə deyil. Bizim daxili toplantılarımız çox hərarətli keçir. Təbii ki, qarşılıqlı güzəştlərlə konsensusa gəlirik. Hər kəs öz fikrini arqumentlərlə irəli sürür. Bu o demək deyil, mənim bütün dediklərimi hər kəs təsdiqləyir, yaxud da İlqar Məmmədovun dediklərini. Elə deyil. Bütün qərarlar səs çoxluğu ilə qəbul olunur. Bir də bizim keçmiş yaddaşımız da var. Məsələn, İlqar 5 il 8 ay həbsdə olub. Bu müddət ərzində sədr olaraq, həbsdən göndərdiyi 5 təklifdən üçü keçmişdi. 2013-cü ildə biz Milli Şura ilə danışıqlar aparırdıq. O zaman İlqar məlumatsız idi, ətrafla görüşmək imkanı yox idi. Həmin dövrdə Milli Şurada təmsilçiliyin ReAL-a lazım olduğunu düşünürdü, bununla bağlı müraciət də eləmişdi. Amma səsvermədən keçmədi və biz Milli Şuraya daxil olmaqdan imtina elədik. Bu gün də ən doğru qərarı verdiyimizi düşünürük. Əgər hər şeyi İlqar həll eləsəydi, o vaxt səsvermə olmazdı, biz də Milli Şuraya daxil olardıq. Bu gün də bütün qərarlar kollegial qaydada verilir. Yəni, ReAL-da hər şeyi İlqar Məmmədov həll eləmir. Onu da qeyd edim ki, Siyasi Komitə getdikcə genişlənəcək.

-Natiq bəy, bundan sonra ReAL həm iqtidarla, həm müxalifətlə münasibətlərin tənzimlənməsində hansi istiqamətdə fəaliyyətini quracaq?

-Biz ilk dəfə ilin əvvəlində hökumət tərəfindən gələn siyasi dialoq təklifinə razılıq verdik. Bunu doğru hesab edirik, çünki siyasətçilərin işi danışmaqdır. İndiyə qədər dəfələrlə görüşlərimiz olub. Bu görüşlərdə beynəlxalq münasibətlərdən tutmuş, daxili problemlərə qədər bir çox məsələləri müzakirə eləmişik. İctimai maraqlara uyğun olaraq, bir çox məsələləri qaldırmışıq. QHT-lərin qeydiyyatının sadələşdirilməsi ilə bağlı məsələ qaldırdıq, nəzərə alındı, müəyyən addımlar atıldı. Bundan başqa, media azadlığı ilə bağlı İctimai televiziyada təkliflər səsləndirmişik. Bu yöndə də müəyyən addımlar atıldı. Bizim partiyanın nümayəndəsi verilişlərə qatılır, fikirlərini bildirir. Təbii ki, bunlar yetərli deyil. Canlı verilişlər olmalıdır, diskussiyaların olması daha önəmlidir. Biz iqtidarla müxalifətin düşmən yox, rəqib olduğuna inanan təşkilatıq. Bu rəqabət dəyərlərdən, tezislərdən, proqram sənədlərindən, təkliflərdən seçilir. Bu rəqabət sonuc etibarı ilə seçkilərdə də öz əksini tapmalıdır. 

-Bəs müxalifət partiyaları ilə necə?

-Bizim müxalifət partiyalarına da qapımız açıqdır. Kimin ideoloji baxışları üst-üstə düşürsə, bütün siyasi müxalif partiyalarla əməkdaşlığa hazırıq. Müsavat Partiyası ilə təmaslarımız oldu, əsasən də 9 fevral seçkiləri ilə bağlı müəyyən addımlar atdıq. Əsas məsələ prinsip, dəyərdir . Biz prinsip və dəyərlərimizə sadiqik, öz kursumuza uyğun fəaliyyət göstəririk.  

Z.Məmmədli