Əhməd Şahidov: “Hakimiyyət əleyhinə çıxışlarda fəallıq nümayiş etdirən xaricdəki müxalif şəxslər Dağlıq Qarabağ həqiqətləri barədə beynəlxalq təşkilatlarda bir kəlmə də söyləmirlər”

Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan illərdir ki, fəaliyyətini davam etdiririr. Amma görünən odur ki, artıq xarici ölkələrdəki səfirliklərin qarşısında keçirilən aksiyalar, səsləndirilən şüarlar Qarabağ həqiqətlərimizin dünyaya çatdırılmasında o qədər də təsiredici gücə malik deyil.

Baxayaraq ki, həmin aksiyalarda söylənilən fikirlər, Xocalı soyqrımını əks etdirən fotolar, mədəni tarixi abidələrimizə tutulan divan barədə materiallar erməni vəhşiliyinin əsl sübutudur. Son vaxtlar diaspor təşkilatlarının yığıncağında da müzakirə olunan məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə yeni formada  çatdırılması ilə bağlıdır. Bəs görəsən, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxaq ictimaiyyətin diqqətinə hansı formada çatdırmaq daha səmərəlidir? Bunun üçün hansı işlər görülməlidir?

Elə bu sualımıza illərdir ki,  Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi barədə xarici ölkələrdə, beynəlxalq təşkilatarda, beynəlxalq forumlarda fəal iş aparan, çıxışlar edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

Ə. Şahidov “Unikal” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında son illərə nisbətən gördüyü işlərdə hazırda xeyli irəliləyiş var. Buna Azərbaycan dövlətinin, eləcə də diaspor təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının apardığı işlər, xarici KİV-dəki çıxışları nümunə göstərmək olar: “Amma nəzərə almaq lazımdır ki, erməni diasporu da dayanmır, situasiyaya uyğun effektli addımlar atır. Bu gün Azərbaycanın xarici ölkələrindəki diaspor təşkilatları Dağlıq Qarabağ həqiqətləri ilə bağlı  xarici ölkələrdəki Ermənistan səfirlikləri qarşısında etiraz aksiyaları, tədbirlər keçirir. Amma düyada, xüsusilə Avropada siyasi formasiya dəyişməkdədir. Münaqişələr barədə münaqişə tərəfləri yox, üçüncü, dördüncü ölkələrin, neytral tərəflərin məsələ barədə danışması, fikir bildirməsi daha effektli olur. Dağlıq Qarabağ münaqişəsi ilə ilə bağlı Ermənistan tərəfi işğalçı dövlət olsa belə, öz mənafeyi baxımından danışır, Azərbaycan tərəfi isə bu həqiqətləri olduğu kimi dünyaya çatdırmağa cəhd edir. Üçüncü ölkələr, Avropa ölkəsi,  beynəlxalq təşkilatlar  hər ölkənin mövqeyinə subyektiv yanaşır. Ona görə də bu çox da səmərə vermir. Dağlıq Qarabağ həqiqətləri barədə çıxışlarımıza tarixi sübutlar təqdim etmək və sair bunlar hamısı çox vaxt və enerji aparır. Çünki, Ermənistan tərəfi də bizə ittihamlar irəli sürur ki, bu sübutlar saxtadır, tarixi saxtalaşdırmağa çalışır. Ona görə də, ən effektli üsul lobbiçilikdir. Bunu həmin ölkələrdəki tanınmış xadimlərin, jurnalistlərin, bloqerlərin vasitəsilə etmək lazımdır. Bu zaman daha çox yol qətmiş oluruq, hada çox məqsədə çatırıq.  ATƏT də və sair nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunan şəxslərin dili ilə Dağlıq Qarabağ həqiqətlərinin səslənməsi daha yaxşı olardı. Bu zaman biz daha çox məqsədə çatmış oluruq. Çox təəəssüf ki, biz bu məsələdə ermənilərdən bir qədər geridəyik. Hansı ki, biz Avropa Şurasında, ATƏT-də çıxış etdikdə Ermənistan dövlətinin nümayəndəsi deyil, başqa bir Avropa ölkəsinin nümayəndəsi bizə cavab verir, bizi ittiham edir. Bizi haqlı olduğumuz zaman haqsız duruma salır. Bu bizə daha çox psixoloji təsir edir. Çalışmalıyıq ki, Azərbaycan dövləti olaraq daha çox dost qazanaq”.

Ə.Şahidov deyir ki, bəzən bu məsələyə də bir qədər saf yanaşırıq. Hər ölkədən özümüzə qarşı ədalətli yanaşma tələb edirik: “Bəzən belə fikirləşirik ki, biz haqlı olduğumuz üçün bütün dövlətlər də bizi müdafiə etməyə borcludur. Amma unutmamalıyıq ki, hər dövlətin öz marağı var. Əksər ölkələr Dağlıq Qarabağ münaqişəsinin dərinliyinə varmır, maraqlanmır. Bir danimarkalı üçün Dağlıq Qarabağ münaqişəsi heç bir maraq kəsb etmir. Heç bir araşdırma aparmır, tarixi öyrənmir. Ona görə də, biz çalışıb bu həqiqətlər barədə onları məlumatlandırmalıyıq”.

Müsahibimiz bununla yanaşı, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə çatdırılmasında ənənəvi yolumuzu davam etdirməli olduğumuzu söyləyir. Həmsöhbətimiz deyir ki, xarici ölkələrimizdəki səfirliklərimiz Azərbaycanın bir parçası hesab olunduğundan, milli məsələlərdə xaricdə yaşayan azərbaycanlılar səfirliyimizin qarşısında Dağlıq Qarabağ həqiqətlərini əks etdirən fotoları nümayiş etdirməli, bu torpaqların bizim dədə-baba yurdumuz olduğunu bəyan etməlidirlər: “Xaricdə yaşayan Azərbaycanlılar bu məsələlərdə fəal olmalı, öz qalamızın qarşısını boş qoymamalıdır. Çünki erməni xisləti elədir ki, onlar bizim sakit dayandığımızı görüb səfirliyimizin qarşısına hücum çəkəcək, öz etirazlarını yumurta atmaq, bayraq cırmaq kimi etirazedici addımlarla davam etdirəcəklər. Amma bununla da fəaliyyətimiz məhdudlaşmamalıdır. Bu gün səfirliyin qarşısında etiraz aksiyası keçirdim, bayrağımızı dalğalandırdım, gedib evimdə rahat yatım fikrindən uzaq durmalıyıq. Pərdə arxasında da fəaliyyətimizi davam etdirməliyik”.

Hüquq müdafiəçisi deyir ki, xaricdə yaşayan azərbaycanlıların, diaspor təşkilatlarının bir çatışmayan xüsusiyyəti də yaşadığı ölkələrin vətəndaşları, millətinin nümayəndələri ilə sıx təmasda olmamalarıdır: “Bu bizim çatışmayan xüsusiyyətimizdir. Almaniyada, Danimarkada yaşayan azərbaycanlıların ətrafında əsasən elə azərbaycanlılar olur. Halbuki biz haqq səsimizi dünyaya çatdırmaq üçün yaşadığımız ölkələrin vətəndaşları, milliyəti ilə sıx ünsiyyətdə olmalıyıq. Ermənilər bu məsələdə bizdən bir neçə addım öndədirlər. Onların “qılığa girmək” xüsusiyyətləri bu məsələdə də işlərinə yarayır. Mən Avropa ölkələrində olduqda öz azərbaycanlılarımızla görüşdə dəfələrlə şahid olmuşam ki, onların ətrafında əsasən öz millətimiz olur. Görüşə gələndə özləri ilə nə alman, nə fransız dostalarını, “girl friend”lərini gətirmirlər. Çox təəssüf ki, xaricdə yaşayan azərbaycanlılar yaşadıqları ölkədə cəmiyyətin içinə nüfuz edə bilmir, həmin ölkədəki ən tanınmayan mətbu orqanda söz demək imkanı əldə edə bilməyiblər. Mən belə hesab edirəm ki, xaricdə yaşayan diaspor təşkilatı nümayəndələrinin yaşadıqları ölkənin mətbuatı ilə əlaqələri olmalı, ən azı həmin mətbu orqanlarda bir jurnalist dostları olmalıdır ki, onun vasitəsilə Dağlıq Qarabaq həqiqətləri ilə bağlı öz fikirlərini yaşadıqları cəmiyyətə çatdıra bilsinlər. Xaricdəki soydaşlarımızın yaşadıqları ölkəni ictimai həyatına nüfuz etmək, təsir etmək imkanı olmalıdır. Beynəlxaq təşkilatların yerləşdiyi ölkələr var ki, o ölkələrdə yaşayan azərbaycanlılar həmin təşkilatlara daxil belə olmur, tədbirlərinə, forumlarına qatılmırlar. AŞPA-nın binası qarşısında mitinq keçirtməklə iş bitmir. Çox təəssüf ki, xarici ölkələrdə yaşayan müxalif azərbaycanlılar da bu milli məsələlərdə susurlar. Hakimiyyət əleyhinə çıxışlarda fəallıq nümayiş etdirən xaricdəki müxalif şəxslər Dağlıq Qarabağ həqiqətləri barədə beynəlxalq təşkilatlarda bir kəlmə də söyləmirlər. Sanki onları maliyyələşdirən fondlar bu məsələdə danışmağa embarqo qoyub. Onlar ancaq Azərbaycan hakimiyyətini söyməklə, tənqid etməklə kifayətlənirlər. Halbuki milli hissi olan hər bir azərbaycanlı harda yaşamasından, siyasi düşüncəsindən asılı olmayaraq Dağlıq Qarabağ məsələsində susmamalıdır. Mən Emin Hüseynovla dəfələrlə söhətdə də ondan xahiş etmişəm ki, girovlarla bağlı çıxışımda mənə tədbirə qatılaraq dəstək versin. Heç birində gəlib iştirak etməyib. Milli hisslərimizi siyasi düşüncələrimizə qurban verməməliyik”. 

Ə. Şahidov deyir ki, çox təəssüf ki, Avropa ölkələrində vətəndaşların münaqişələrə münasibətinə də qadağalar var: “Onlar hesab edir ki, münaqişələr dövlətlərarası problemdir. Vətəndaşlar iki dövlət arasında münaqişələrə qarışmamalıdırlar, onlar daha çox sərbəst toplaşmaq, fikir və söz azadlığı uğrunda mübarizə aparmalıdırlar. Bununla sanki, milli hissi, milli dəyəri boğmağa çalışırlar. Amma mən hesab edirəm ki, damarında azərbaycanlı qanı axan heç bir şəxs Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında susmamalıdır. Xüsusilə yaşadıqları ölkələrin dilini yüksək səviyyədə bilən, orada təhsil alan gənclərimiz bu təbliğatda iştirak etməlidirlər!”.