Belarusda prezidentliyə namizəd Svetlana Tixanovskaya təhlükəsizlik məqsədi ilə Litvaya gedib.

Unikal.org xəbər verir ki, bunu Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus özünün “Twitter” hesabında yazıb.

“Svetlana Tixanovskaya təhlükəsiz yerdədir, o, Litvadadır”, - deyə XİN rəhbəri vurğulayıb. 

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri baş tutub. İlkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Belə ki, o, 80,09% səs toplayıb. Onun əsas rəqibi isə 10,09% səs toplayan Svetlana Tixanovskaya idi. Lakin xanım namizədin qərargahında bildirilib ki, MSK-nin nəticələri saxtalaşdırılıb və əslində o, 70-80% səs toplayıb.

Seçkilərdən sonra ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə yüzlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. 

Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə səsləyib.