"Artıq 100 erməni ailəsi Beyrutdan işğal olunmuş Azərbaycan torpaqlarına köçürülüb".

Bunu Unikal.org-a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İB-nin sədri Faiq İsmayılov bildirib. O, qeyd edib ki, atəşkəs rejimi daha bir il davam etsə, Qarabağda məskunlaşdırılan ermənilərin sayı 300 mindən çox olacaq:

"Ermənilər işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda yeni yaşayış evlərinin tikintisi və bərpası işlərini sürətləndiriblər. Laçın rayonunun Zabud kəndində bütün xarabalıqlar sökülərək 50-dən çox yeni ev inşa olunub. O cümlədən Qubadlı rayonunun Xanlıq kəndində, Zəngilan rayonu ərazisində və digər yerlərdə məskunlaşma üçün hazırlıq işləri başa çatdırılıb. Hər kəndə 50, 80, 100 ev hazır vəziyyətdə sahibini gözləyir. Bundan başqa Şuşa şəhərində tərk olunmuş yaşayış binalarının təmir işləri aparılır. Eyni zamanda Xankəndi, Xocavənd rayonunun Tux və Səlakəddin kəndlərində bərpa işləri aparılır. Xeyli sayda Suriyadan gətirilmiş ermənilər işğal olunmuş ərazilərimizdə məskunlaşdırılıb. Hazırda erməni diasporu Beyrudda baş verən hadisədən zərər çəkən erməniləri Azərbaycan torpaqlarına köçürmək niyyətindədirlər. Erməni katalikosu ilə Livan xristian katalikosu danışıqlar aparıb. Həqiqətən Livandakı ermənilərin bir qismi artıq Dağlıq Qarabağa köçürülüb. Hardasa 100 erməni ailəsi artıq Beyruddan işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilib".

Famil Fərhadoğlu