Lənkəran rayonunun 16 kəndində eyni vaxtda yolların asfaltlanmasına başlanılıb. 

Lənkəran İcra Hakimiyyətinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, artıq rayonun Sutəmurdov, Velədi, Bala Şürük kəndlərində və Gərmətük qəsəbəsində yollar əsaslı təmir olunaraq başdanbaşa asfaltlanıb.

Ən əsası yollar ağır texnika vasitəsilə hamarlanaraq genişləndirilir, suötürücü arxlar təmizlənir, elektrik, rabitə xətləri qaydaya salınır, səliqə-sahman işləri görülür.  Həyata keçirilən tədbirlər yerli əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Asfaltlanma işi sürətlə davam etdirilir. 

Avqustun 12-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov asfatlanma işləri ilə tanış olmaq üçün Gərmətük qəsəbəsində və Bala Şürük kəndində olub yol inşaatçıları və yerli sakinlərlə görüşüb.

Söhbət zamanı sakinlər onlar üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər və görülən işlərə görə ölkə prezidentinin ünvanına minnətdarlıq ifadə ediblər. Sakinlərin qayğıları ilə maraqlanan İcra başçısı ölkə Prezidentinin diqqət və qayğısı ilə rayonda uğurla icra olunan iri investisiya tutumlu layihələrin yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı vətəndaşların maddi-məişət şəraitini yaxşılaşdırdığını xüsusi vurğulayaraq belə layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.