Xəbər verdiyimiz kimi, Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. 

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaydığı məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub. 

Məsələ ilə bağlı tanınmış taekvondoçu Ramin Azizov Unikal.org-a müsahibə verib. O bildirib ki, artıq karyerasını bitirib.

- AMADA-nin bu qərarı ilə bağlı nə deyə bilərsiniz?

- Mənim xəbərim vardı. Mən AMADA-nə hörmət əlaməti olaraq oraya getdim. Sənədlərimi də verib bildirdim ki, mən artıq idmançı kimi karyeramı bitirmişəm. Bu barədə Federasiyaya da məlumat vermişəm.
Mənim anlamadığım odur ki, AMADA məni niyə karyerasını davam edən idmançı kimi göstərərək belə bir açıqlama yayır?

- Karyeranızı nə vaxt bitirmisiniz?

- Yanvar ayında. Federasiyaya da məlumat verərək bildirdim ki, artıq yarışlara çıxmayacağam. Ərizəmi verdim və öz istəyimlə taekvondoçu karyeramı bitirdim.

- Bəs sizdən dopinqlə bağlı test nə vaxt götürülüb?

- Mən ərizəmi yanvar ayında vermişəm. Onlar da məndən testi fevralda götürüb. İndi isə karyerasını davam edən idmançı kimi uzaqlaşdırıldığım yazılıb. Mən karyeramı bitirmişəm, uzaqlaşdırma vermələrinin nə önəmi var? Sənədləri də AMADA-nə göstərmişdim.

- Karyeranızı bitirməyinizin səbəbi nədir?

- Yaş özünü göstərir, həm də zədələrim var. Mənim Avropa və Dünya çempionatlarından medalım var. Təkcə Olimpiya medalım əskik idi. Onsuz da Olimpiya Oyunlarına qatıla bilməyəcəyim üçün bu qərarı verdim.

- Olimpiya Oyunlarına nə üçün qatılmaq istəmədiniz?

- Artıq gənc, perspektivli idmançılar yetişir. Həm də çəkim də artıb. Bu səbəbdən bitirmək qərarına gəldim.

Aygün İlqarqızı