Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən biri Daxili İşlər nazirinin sabiq müavini Əsgər Ələkbərovun qohumudur.

Unikal.org report-a istinadən xəbər verir ki, Abşeron rayonu ərazisində keçirdilən əməliyyat zamanı Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərov sabiq nazir müavininin qardaşı oğludur.

DİN-in yaydığı rəsmi məlumata görə, Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman 5 qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Telman Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 kiloqram 210 qram heroin, 2 kiloqram 20 qram tiryək və 11 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə Daxili İşlər nazirinin müavini vəzifəsində çalışıb.