“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə olunub-olunmamasına nəzarət üçün mətbəəyə girməsinə və çəkiliş aparmalarına etiraz edib. O, bununla bağlı həmin polis əməkdaşları ilə söhbətini videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, mətbəədə yoxlanış zamanı polis əməkdaşları qanunvericiliyin tələblərinə tam formada əməl ediblər:

“Polis əməkdaşları xidməti vəzifəsini yerinə yetirib. Fərqi yoxdur, nəşriyyat olsun ya mağaza olsun, nəzarət qaydasında baxış keçirirlər ki, insanlar ictimai qapalı məkanda karantin qaydalarına əməl edirlər, ya yox. Bina şəxsi mülk olsa da, ora iş yeri, ictimai yerdir. Orada bəlkə də 50 nəfər işləyir. Polis əməkdaşları da çəkilişi sübut üçün ediblər ki, sonra həmin şəxslər etiraz edərək “maska taxmışdım, polis qanunsuz protokol tərtib edib” deyə bilərlər. Bu zaman sübut kimi videolar təqdim oluna bilər”.