Ölkə prezidentinin tapşırığına və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait köçürülməsinə başlayıb.

Bu barədə Unikal.org-a qurumdan bildirilib.

Məlumata görə, maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir və avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur. Avqustun 19-u tarixinə 2-ci mərhələ çərçivəsində 228 175 muzdlu işçini əhatə edən 22 603 vergi ödəyicisinin bank hesablarına ilkin olaraq 50,38 milyon manat köçürülüb.

Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 12 177 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır.

Bununla yanaşı, aprel-may-iyun ayları ərzində işçilərinin hamısını (1 666 nəfər) ixtisar etmiş 553 vergi ödəyicisinə və işçilərinin sayında ciddi azalmalara yol vermiş 374 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib.

İndiyədək maliyyə dəstəyi proqramları çərçivəsində 107 191 fərdi (mikro) sahibkara 76 milyon manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib.