Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsii Kürdəmir şəhərində müvəqqəti məskunlaşmış, Ağdam rayonundan məcburi köçkün Quliyev Ağalar Xanlar oğlunun müraciəti əsasında hazırlanıb, avqustun 21-də yayımlanan videoyazıya cavab verib.

Unikal.org-a qurumun mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, Kürdəmir rayonu ərazisində  məcburi köçkünlər üçün salınmış 563 mənzilli yeni yaşayış məhəlləsi 2019-cu il dekabrın 28-də istifadəyə verilib.  

Rayonun ərazisində müvəqqəti məskunlaşmış və yeni yaşayış sahəsinə köçürülməsi mövcud qaydalara uyğun gələn bütün məcburi köçkün ailələrinə həmin məhəllədə yeni mənzil verilib.

Ağdam rayonundan məcburi köçkün Quliyev Ağalar Xanlar oğlu da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq,  beş nəfərdən ibarət ailə üzvü (anası, həyat yoldaşı, bir oğlu və bir qızı) ilə birlikdə həmin məhəllədə 3 otaqlı təmirli mənzillə təmin edilib. 2020-ci il fevralın 20-də Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitəsilə ailə peşə liseyinin yataqxanasından yeni mənzilə köçürülüb. 

Təəssüf ki, bundan sonra Quliyev Ağalar Xanlar oğlu, heç bir qanuni əsas olmadan, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan əlavə mənzil əldə etmək istəyi ilə müxtəlif instansiyalara müraciət etməyə başlayıb. Tələbinin mövcud qaydalara zidd olduğu ona Dövlət Komitəsində dəfələrlə izah edilib,  minlərlə məcburi köçkün ailəsinin hələ də ağır şəraitdə yaşadığı və mənzil gözlədiyi bildirilib.

Tələbinin əsassız olduğunu Quliyev Ağalar Xanlar oğlunun qəbul etmək istəməməsini onun fiziki-psixoloji vəziyyəti ilə əlaqələndirmək mümkündürsə də, videoçəkilişi aparan və onu sorğu-suala tutaraq Dövlət Komitəsinin rəhbərləri, məsul əməkdaşları haqqında şər-böhtan xarakterli fikirlər söyləməyə təhrik edən şəxsin davranışı heç bir etik çərçivəyə sığmır. Həmin vətəndaş zəruri araşdırma aparmadan, faktları dəqiqləşdirmədən yalnız “şikayətçi”nin söylədiklərini ictimailəşdirmək və bununla da dövlət orqanını, onun vəzifəli şəxslərini gözdən salmaq cəhdinin hüquqi məsuliyyət yaratdığını unutmamalıdır.