Bu gün bütün dünyada tüğyan edən koronavirus pandemiyasına görə bütün dövlətlər öz daxili imkanları, resursları hesabına müəyyən tədbirlər görür. Azərbaycan da bu baxımdan ən sabit ölkələrdən biridir. Belə ki, digər dövlətlərin heç birindən hər hansı bir yardımın istəməməsi, əksinə dünya səhiyyə təşkilatlarına, cənab Prezidentimizin tapşırığı əsasında 30-a yaxın ölkəyə dövlət tərəfindən yardım edilməsi, ölkəmizdə həm aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, pandemiya dövründə işlərini itirən vətəndaşlarımıza sosial yardımların göstərilməsi, iqtisadiyyata, sahibkarlara dəstək olunması və qabaqlayıcı tədbirlə yanaşı, karantin qaydalarının tətbiq edilməsi ölkəmizi bu gün bu virusa qarşı aparılan tədbirlərin çərçivəsində dünyanın ən sabit ölkələrindən birinə çevirib.

Bu barədə Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputat aparılan tədbirlərdə dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi və qanunun aliliyinin qarantı kimi dayanmasını vurğulayaraq bildirib ki, Azərbaycanda qanunlar hər kəs üçün bərabərdir. 

“Burada nə siyasi mənsubiyyət, nə imkan dairəsi, nə imkan durumu, nə də digər amillər nəzərə alınmır. Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən yumşaldılmalara getsə də, bu gün toy, yas və digər bu kimi mərasimlərin hələ də qadağa olunması hər kəsə aydındır. Bununla yanaşı, müəyyən insanlar hələ də bu tədbirləri keçirirlər və biz zaman-zaman hüquq-mühafizə orqanları tərəfindən belə mərasimləri keçirən müəyyən şəxslərin məsuliyyətə cəlb edildiyinin şahidi oluruq.

Elə bu günlərdə bəzi dövlət məmurlarının, akademiklərin bir araya gələrək toy mərasimi keçirdiyini gördük. Belə ki, keçmiş həmkarımız, Milli Məclisin beşinci çağırış deputatı İlham Əliyev bütün qaydaları pozaraq öz övladına toy mərasimi keçirib və çox haqlı olaraq da ictimai qınağa səbəb olub. Həmin sabiq deputat AMEA-nın rəhbəri Ramiz Mehdiyevin kürəkənidir. Eyni zamanda müəyyən dövlət məmurlarının iştirakı ilə və 10 nəfərdən çox adamın toplaşaraq toy mərasimi keçirməsi təəssüf hissi doğurur. Qeyd edim ki, bu gün haqlı olaraq Abşeron Rayon Məhkəməsi tərəfindən Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayevə hökm oxunub, hər iki şəxs 15 sutka inzibati həbs cəzası alıb. Bu da onu göstərir ki, Azərbaycanda qanun hər kəs üçün bərabər və alidir. Hər kəs anlamalıdır ki, tutduğu mövqedən, vəzifədən asılı olmayaraq, hamı qanunlara tabe olmalıdır”, - deyə deputat bildirib.

Nigar Orucova