Doqquz ilin işığında
Doqquz ilin işığında

Corc Buş: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur"

Deyirlər ki, İnsanın əsil doğuluşu onun ölümündən sonra başlanır. Hər halda hər insanın deyil. Azərbaycan xalqının böyük oğlu, mərhum Prezident Heydər Əliyevin ölümü belə bir doğuluşun başlanğıcı oldu. Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin tarixində müstəsna rol oynamış ümummilli öndər Heydər Əliyevin haqq dünyaya qovuşmasından 9 il keçir. Və zaman keçdikcə onun Azərbaycanın ən yaxın tarixində gerçəkləşdirdiyi həlledici missiyanın əzəməti və dərinliyi daha da konkret şəkildə aşkarlanır.
Onun vəfatı həmin dövrün dünya siyasətçilərində də dərin təəssürat buraxdı. Onlar Heydər Əliyevin bir siyasətçi və Prezident kimi böyüklüyünü etiraf edərək onun təkcə Azərbaycan üçün deyil, ümumən region və dünya üçün tarixi rolunu da yüksək qiymətləndirdilər.
Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin qorunub saxlanmasında böyük əhəmiyyət kəsb etmişdir. Eyni zamanda onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.
Corc Buş, ABŞ prezidenti
Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndirirdik. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rus-dilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur... O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim. Bu, böyük itkidir.
Vladimir Putin, Rusiya Federasiyasının prezidenti
Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.
Arzu edirəm ki, Minsk qrupu həmsədrlərinin dəstəyi ilə onun səyləri davam etdirilsin və uğurla nəticələnsin.
Jak Şirak, Fransa prezidenti
Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır
Gerhard Şröder, Almaniya Federativ Respublikasının federal kansleri
Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxşılaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, iqamətgahında bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.
Toni Bleyer, Böyük Britaniyanın baş naziri
Prezident Heydər Əliyev Azərbaycanın müstəqillik qazanmasının, ölkənin bugünkü inkişafının təməlini qurmaqla bərabər, regionda sülh və sabitliyin qorunması istiqamətində misilsiz xidmət göstərən əvəzolunmaz bir lider idi.
Dzünitiro Koidzumi, Yaponiyanın baş naziri
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişaf edərək möhkəmlənməsinə böyük töhfə vermiş Heydər Əliyevin dünyasını dəyişməsi, Azərbaycanda olduğu kimi, Türk ulusunda da dərin kədər yaratmışdır. Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm.
Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır. Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.
Əhməd Necdət Sezər, Türkiyə Respublikasının prezidenti
Hazırda ölkələrimizin bəhrələndiyi dostluq münasibətləri Heydər Əliyevin qətiyyəti və liderliyinin irsidir. Buraya bizim terrorizmə qarşı mübarizədə sıx əməkdaşlığımız da daxildir. Heydər Əliyev öz davamlı töhfələri ilə Azərbaycanın uzunmüddətli iqtisadi firavanlığının əsasını qoydu. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda çox çalışdı. Birləşmiş Ştatlar onun qoyduğu bu möhkəm əsaslar üzərində əlaqələri inkişaf etdirməyi davam edəcək, Azərbaycanın suverenliyini, firavanlığını və demokratik inkişafını dəstəkləyəcəkdir.
Dik Çeyni, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti
Natiq