Erməni tərəfi Goranboy rayonu istiqamətində təxribatı Tovuz hadisələrindəki itkilərini kompensasiya etmək üçün törədib.

Bu barədə avqustun 23-də Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhdi ilə bağlı Unikal.org-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib.

Millət vəkilininin sözlərinə əsasən, bu, olduqca unikal əməliyyat idi: “Son vaxtlar düşmən tərəfi Tovuz hadisələrinin davamı olaraq elə təxribat üçün zaman axtarırdı. Çox maraqlı məsələdir ki, Tovuz hadisələrinin məhz 40-cı günü ermənilər təxribata əl atdılar. Tovuz istiqamətindəki döyüşlərdə onlar çox ciddi itkilər vermişdilər və bunun qisasını almaq, eləcə də o vaxtkı itkilərini kompensasiya etmək üçün belə bir addım atdılar”. 

Erməni tərəfinin Goranboy istiqamətində öncədən düşünülmüş plan əsasında təxribat törətdiyini bildirən A.Nağıyev  vurğulayıb ki, düşmənin bu addımının da aqibəti acı oldu: “Nəticədə diversiya qrupunun rəhbəri, baş leytenant Qurgin Alberyan əsir götürüldü. Həmin əsirlə sorğu keçirildikdən sonra çox ciddi məsələlər də aydınlaşdırıla bilər. Bizim düşmənin nə qədər çox əməliyyat məlumatı əldə etdiyini bilməyimiz isə vacib məsələdir. Düşünürəm ki, Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi və həmin təxribatın qarşısı alındı”.

Dürrə Həsənova