Qəbələ kitabı bağlandı
Qəbələ kitabı bağlandı

Rusiya bunun əvəzini çıxacaq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maraqlı açıqlama verib. Nazir deyib: "Dekabrın 9-da Rusiya belə qərara gəldi ki, Qəbələ RLS-in fəaliyyəti dayandırılsın. Azərbaycan stansiyanın avadanlığının və işçilərinin evakuasiyası ilə bağlı komissiya yaradacaq".

E.Məmmədyarov Qəbələ RLS-in üçüncü bir ölkəyə icarəyə verilməsini mümkünsüz sayıb: "İnanmıram ki, üçüncü bir ölkə Qəbələ RLS-i icarəyə götürsün. Hələ ki, heç kəs belə təşəbbüslə çıxış etməyib".
1985-ci ildə istismara verilən Qəbələ RLS SSRİ-nin raketdən müdafiə kompleksinin əsas stansiyalarından biri olub. Bu stansiya 6 min kilometr məsafədə hava məkanını nəzarətdə saxlayırdı. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya icarəyə vermişdi. İcarə müddəti 2012-ci ilin dekabrında başa çatırdı. Azərbaycanın Xarici İşlər Nazirliyi dekabrın 10-da bəyanat yayaraq bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyası danışıqlarında razılaşma əldə olunmayıb və stansiyanın istismarı dayandırılıb.
Maraqlıdır, Rusiya bu addımı atmaqla nəyi nümayiş etdirir? Ekspertlər bildirir ki, Rusiyanın bu şəkildə geri çəkilməsi kifayət qədər təhlükəli haldır. Və bunun bir sıra səbəbləri var. İlk səbəb budur ki, Rusiya tam əmindir ki, bu bazadan üçüncü bir ölkə istifadə etməyəcək. Hətta bununla bağlı Azərbaycan tərəfinin qarrantiyasıda alına bilər. Bundan başqa hesab edilir ki, Rusiya geri çəkilsə də mövcud hakimiyyət üçün ciddi problemlər yaradacaq və bu geri çəkilməni başqa bir formada işğalçılıq meyli ilə əvəzləyəcək. Bu nə ola bilər? Ekspertlər hesab edir ki, bu gün Rusiya üçün əsas məsələ Qəbələ RLS-i yox, Avrasiya İttifaqının yaradılmasıdır. Bununla bağlı artıq kifayət qədər işlər görülüb,MDB üzvü olan ölkələrin əksəriyyəti bu birliyə qatılmağa razılıq verib. Məsələyə prinsipial yanaşan isə Ukrayna, Azərbaycan və Gürcüstan idi. Amma MDB-in son sammitində Ukrayna Rusiyanın bu təklifinə razılıq verdi. Bunu da xatırladaq ki, Azərbaycan hakimiyyəti RLS-i bağlamaq qərarını Putin hakimiyyətə gələndən sonra verdi. İlk mesaj "Kommersant" qəzetindən gəlmişdi. Bu nəşr RLS-lə bağlı danışıqlarda Azərbaycan nümayəndə heyətinin 300 milyon dollar tələb etdiyini yazırdı. Aydın idi ki, Rusiya bu məbləğə razılaşan deyil.
İkinci mesaj Qəbələnin turizm obyektinə çevrilməsi məqsədilə bu bölgəyə xərclənən yüz milyonlarla dollar idi. Bahalı turizm mərkəzləri ilə yanaşı hərbi obyektin varlığı mümkün görünmürdü.
Rəsmi Bakının Moskvaya dolayı yollarla üçüncü mesajı Qəbələdə rəsmi görüşlərə start verməsi idi. İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanı sentyabr ayında məhz Qəbələdə qəbul etdi.
Rəsmi Bakının beşinci mesajı Qəbələni MDB-nin mədəni paytaxtı olmasına namizədliyini irəli sürməsi idi.
Və nəhayət, altıncı mesaj prezident İlham Əliyevin özündən gəldi. Dövlət başçısı MDB-nin Aşqabaddakı zirvə toplantısına qatılmamaqla rusiyalı həmkarı Vladimir Putinə bir daha anlatdı ki, Qəbələ ilə bağlı yeni sazişə imza atmayacaq".
Ekspertlər hesab edir ki, kinli siyasətçi olan Putin RLS-in əvəzini bizdən hansısa başqa müstəvidə çıxmağa çalışacaq. Çünki bu, Putinə bir sillə idi, o, itki verməyə öyrəşməyib. Ona görə şimaldan gələcək təhlükələrə hazır olmalıyıq. Uzaq bölgələri, o cümlədən Suriyanı əldən vermək üzrə olan Kreml diqqəti yaxın ətrafına yönəldib. Putin yaxın ətrafı sözəbaxan etmək üçün əlindəki bütün resursları hərəkətə gətirməyə çalışır. Ancaq ABŞ da Putinin bu inadkarlığını rahatlıqla seyr etmək fikrində deyil. Avrasiya Birliyinin əsl tərifini ABŞ dövlət katibi Hillari Klinton verib: "Avrasiya Birliyi ideyası SSRİ-nin bərpası deməkdir".
Toğrul Əliyev