Avqustun 28-də saat 18 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Arzu Ağalarovun bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Unikal.org-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış araşdırmalarla Tahir Əlyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Arzu Ağalarovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Tahir Əliyevin tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.