Buzovnada Mikayıl Müşfiq bağını kimlər "yedi"?
Buzovnada Mikayıl Müşfiq bağını kimlər "yedi"?

Rus şairinə qoyulan hörməti repressiya qurbanı olan şairimizə göstərməyiblər

Buzovnadakı Sahil bağlarında şair Mikayıl Müşfiqə məxsus olan bağ dağıdılıb, viran edilib. Bu barədə verilən məlumata görə, həmin bağın dağıdılmasına ərazidə magistral yolun çəkilməsini bəhanə gətirirlər.
Bildirilir ki, həmin bağdan bu gün nişanə qalan yeganə şey bir əl quyusudur. Halbuki, bağ dağıdılmamışdan qabaq orada 1937-ci ildə tikilmiş üçotaqlı, birmərtəbəli ev, çarhovuz, daşdan düzəldilmiş su qabları və həmin həyətdə iri bir tut ağacı olub. 37-ci ildən bu yana Mikayıl Müşfiqin adına olan bağ hissə-hissə məhv edilib.
Bütün bunlara baxmayaraq heç kəs bağın məhv edilməsinə görə aidiyyatı orqanlara şikayət etməyib. Əslində bu işlə məşğul olan aidiyyatı qurumlar da məsələnin üstünün örtülməsində məsuliyyət daşıyırlar. Halbuki həmin orqanlar oranın Mikayıl Müşfiqin adına olduğunu bilirdilər və bilə-bilə məsələyə heç bir hüquqi qiymət vermədilər. Ən azından bağda Müşfiqin xatirəsini əbədiləşdirmək üçün kiçik abidə qoyulmalı idi. Bu ona görə edilmədi ki, bu heç kimin maddi maraqlarına uyğun gəlmirdi. Lakin Murtuza Muxtarovun Mərdəkandakı mülkünə rus şairi Sergey Yeseninin portreti vurulub. Bu gün ölkədə rus şairinə verilən qiymət şəhid şairimizə verilmədi.
Məsələni qaldıran Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri Nəsir Ağayev bildirib ki, hökumət qurumları bu məsələ ilə ciddi məşğul olmalı və gərəkən qərarı qəbul etməlidirlər.
Ülviyyə Qasımlı