Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evindən xeyli məbləğdə pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq həmin ünvana baxış keçirilib, zərərçəkmişə məxsus evdən 8 min ABŞ dolları, 8 min manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.  Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Şəki şəhər sakini- Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev saxlanılıb.

Saxlanılan şəxslərin ətrafında aparılan araşdırma zamanı məlum olub ki, E. Rəsulov, A.Abdulhəmidov və S.Mustafayev qabaqcadan əlbir olub, həmin evə oğurluğa girməyi planlaşdırıblar. Onlar ev sahibini və ailə üzvlərini izləyərək, heçkimin olmadığı müddətdə  ora daxil olublar. Pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra isə öz aralarında bölüblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlanmış qızıl və pul onlardan maddi sübut kimi götürülüb. 

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,  hər üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.