Yeni əkin mövsümünün başlaması ilə əlaqədar olaraq “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin - ammofos, kükürdlü ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir. 

Unikl.org xəbər verir ki, daxil olan müraciətlərə əsasən hər gün 4 qrup olmaqla respublikanın müxtəlif kənd və qəsəbələrində paralel olaraq səyyar xidmət göstərilir. Bundan başqa, səyyar satışla yanaşı, ASC-nin rayon bölmələri də mövsümlə əladar olaraq şənbə günləri daxil olmaqla fermerlərin mineral gübrəyə olan tələbatının ödənilməsi üçün fəaliyyət göstəririlər. 

Bu mövsümdə regionlar üzrə keçirilən səyyar satışa ilk olaraq Hacıqabul, Şəmkir, Xaçmaz və Cəlilabad rayonlarındakı ucqar kəndlərdən  start verilib. 

Təşkil olunan səyyar satışlarda payızlıq əkin mövsümünün başlanıldığından fosforlu və kaliumlu gübrələrə olan tələbata əsasən ammofos, kükürdlü ammofos və nitroammofoska gübrələrinin satışı nəzərdə tutulub. Əlavə olaraq digər təyinatlı gübrələrə tələbat olduğu təqdirdə fermer həmin gübrələrlə də təmin edilir. 

Qeyd edək ki, səyyar satış zamanı artıq heç bir sənədin təqdim edilməsinə ehtiyac yoxdur. Mineral gübrələri şəxsiyyət vəsiqəsi və “Fermer kartı” vasitəsi ilə asanlıqla əldə etmək mümkündür. Gübrənin dəyərinin 70%-i fermerin fermer kartında olan məbləğdən, 30%-i isə fermerin öz vəsaiti hesabına ödənilir. Ödəniş pos-terminal və səyyar bank terminalları vasitəsilə ilə yerindəcə, uzaq məsafə qət etmədən yerinə yetirilir.

Xatırladaq ki, "Aqroservis” ASC tərəfindən mineral gübrələrin səyyar satışları 2019-ci il fevral ayında etibarən təşkil edilir və bu günə kimi respublikanın bütün regionlarını əhatə edən çoxsaylı səyyar satış xidmətindən minlərlərə fermer və kəndlilər yararlanıblar.

Vətəndaşlar mineral gübrələrin səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyin 1652 Çağrı Mərkəzinə və (+99451) 229-32-07 nömrəsinə müraciət edə bilər.