Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllif və aparıcısı olduğu "Mirşahinin vaxtı" verilişində YAP-ı sərt tənqid edib.

Bu barədə Unikal.org-a açıqlama verən Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib ki, Mirşahinin YAP-la bağlı səsləndirdiyi fikirlərlə tanış deyil. Amma o bildirib ki, partiyanın bu şəkildə ittiham edilməsi yanlışdır:

“Onu deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası nizamnamə və əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Qurultayın çağırılması, səlahiyyətli orqanların seçilməsi, rəhbərliyin formalaşması partiyanın nizamnaməsi və əsasnaməsi çərçivəsində olur. Təyinat deyil ki, bir sərəncamla dəyişikliklər olsun. YAP-da hər qurultayda kifayət qədər dəyişikliklər olur. Kimsə partiyada dəyişiklik olmalıdır kimi fikir səsləndirirsə, yanlışlığa yol verir. Həmin fikrin heç bir əsası yoxdur. Partiyanın sədri, İdarə Heyəti, Siyasi Şurası, ali orqanı olan qurultay var. Bütün bu məsələlər orda həll olunur. YAP-da “filankəs yaşlanıb, onu çıxaraq” düşüncəsi ilə dəyişiklik eləmək olmaz. Bu, təkcə YAP deyil. Bütün siyasi partiyalara aiddir.  Əvvəlki qurultaylarda kifayət qədər yeniliklər olub, hətta partiyadan qovulanlar olub”.

M.İbrahimqızı onu da qeyd edib ki, partiyada iş prinsipini yaşa görə müəyyənləşdirmək də doğru deyil: “Amerikada, İngiltərədə, Avropada qoca-qoca adamlar partiyanı idarə edir. Yəni, partiyada əsas yaş məsələsinə önəm verilmir, faydalı iş əmsalı, insanın əmək qabiliyyəti əsas götürülür. Yenə deyirəm, dəyişiklik ola bilər, amma bu qurultayda olmalıdır. İnşallah növbəti qurultayda partiyanın və dövlətin maraqlarına uyğun dəyişikliklər olar”.

Murad İbrahimli