Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirdi.

Unikal.org Komitəyə istinadən xəbər verir ki, sədr Əhliman Əmiraslanov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, onlara qanunvericilik fəaliyyətində uğurlar arzuladı və gündəliyi təqdim etdi. 

Komitə sədri Əhliman Əmiraslanov qeyd etdi ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı problemlər Səhiyyə komitəsi üzvlərinin xüsusi diqqətində olub. Pandemiya başlanandan indiyədək deputatlar vətəndaşlarla müntəzəm görüşlər keçirib, yerlərdə vəziyyəti öyrənib, seçicilərin qayğı və çətinliklərinə həssas yanaşaraq problemlərinin həllinə yardımçı olublar. 

Əhliman Əmiraslanov vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən əsaslı tədbirlər bütün göstəricilərdə müsbət dinamikanı təmin edib. Hazırda Azərbaycanda 50-yə yaxın laboratoriyada koronavirus testi aparıla bilir. Ölkə miqyasında ən müasir avadanlıqlarla təchiz olunmuş 47 pandemiya xəstəxanası fəaliyyət göstərir. Yoluxanlarla müqayisədə virusdan sağalanların sayında, test aparılmasında, itkilərin azlığında,  ölkə üzrə səhiyyə müəssisələrindəki çarpayı sayında Azərbaycanın göstəriciləri çox yaxşıdır. 
Yekunda Səhiyyə komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayıldı. 

Müzakirə zamanı səslənən bəzi təkliflər də iş planına daxil edildi və iş planı təsdiqləndi. 

Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.