"Bildiyiniz kimi, Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin sülh və əminəmanlıq şəraitində yaşadığı yerlərdən biri olub. Belə ki, islam, xristian, yəhudi və digər dinlərin nümayəndələri hər zaman ölkəmizdə qarşılıqlı anlaşma şəklində yaşayıblar".

Bunu Unikal.org-a açıqlamasında Millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, Azərbaycan bu məsələdə digər müsəlman ölkələrinə nümunə olub: "Bu gün də cəmiyyətimizdə bu hal hiss olunur. 

Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər birlikdə tədbirlərdə iştirak edirlər. Bu, dünyanın hər yerində görünən bir hadisə deyil. Yəni, bu, daha çox Azərbaycana xas olan xüsusiyyətdir. Biz burada xüsusilə vurğulamalıyıq ki, hazırda da bu siyasət ölkəmizdə davam etdirilir.

Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu sahəyə diqqət artırıldı. Azərbaycanda yeni məscidlər, kilsələr və sinaqoqlar inşa olundu. Bu gün də cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”. 

Hər il dövlət büdcəsindən müsəlmanlara, xristianlara və yəhudilərə maliyyə vəsaitinin ayrıldığını vurğulayan millət vəkili bildirib ki,  Azərbaycan Konstitusiyasına nəzər saldıqda müsəlmanların və digər dinlərin nümayəndələrinin hüquqlarının bərabər olduğunu görmək olur: “Biz bunu qonşu ölkələrdə görmürük. Məsələn, Ermənistan və Gürcüstanda kilsələrin üstünlüyü onların qanunvericiliyində açıq şəkildə göstərilir. Bizim qanunvericiliyimizdə isə vurğulanır ki, dini mənsubluğundan asılı olmayaraq, hər kəs etiqad azadlığına malikdir. Ölkəmizdə bütün icmalar sərbəst şəkildə fəaliyyət göstərə bilirlər.

Bakıda məscidlər, kilsələr və sinaqoqlar fəaliyyət göstərir. Eyni zamanda onların təmirinə dövlət tərəfindən vəsait ayrılır. Bu istiqamətdə Heydər Əliyev Fondunun da müxtəlif layihələri var. Ucqar rayonlarda belə müsəlman, xristian və yəhudi abidələri bərpa olunur. Bu gün Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən sayılır. 

Bunun nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir ölkəyə çevrilib. Azərbaycanın bu sahədə uğurları dini liderlər tərəfindən də yüksək qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrində yəhudilərlə müsəlmanlar arasında münaqişələr yaşanır. Buna baxmayaraq, Azərbaycanda müsəlmanlarla yəhudilər arasında dostluq münasibətləri mövcuddur.

Bakının özündə iki yəhudi sinaqoqu, 3 provaslov və 1 katolik kilsəsi fəaliyyət göstərir. Bütün bunlar hamısı bu məsələnin dövlət siyasətinin tərkib hissəsi olduğunu göstərir. Ümumiyyətlə, din sahəsi ən həssas sahələrdən biri hesab olunur. Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində din təhlükəsizliyi təmin edilib".

Murad İbrahimli