Yunanıstanın Midilli adasındakı “Moria” qaçqın düşərgəsindəki yanğından sonra Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinə gətiriləcək qaçqınlar çadır şəhərciyində yerləşdiriləcəklər.

Unikal.org xəbər verir ki, BMT-nin Bonn şəhərindəki mənzil-qərargahının qarşısındakı parkda bu məqsədlə hazırlıq işlərinə başlanılıb.

Şəhər rəhbərliyi koronavirus pandemiyası səbəbindən iki böyük qaçqın düşərgəsində yer olmadığından belə bir qərar alıb. Bonn şəhərindəki məktəb zalları və qapalı idman meydançaları hazır olanadək qaçqınların çadır düşərgəsində qalacağı bildirilib. 

Ancaq şəhər əhalisi bu addımı birmənalı qarşılamayıb. Onların bir qismi köməksiz insanların qəbul edilərək normal yaşamaları üçün şərait yaradılmasını müdafiə etdikləri halda, digər qismi isə Reyn çayı sahilində və xüsusilə insanların istirahət etdiyi parkda çadır şəhərciyinin salınmasının düzgün olmadığı qənaətindədirlər. 

Qeyd edək ki, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin rəhbərliyi bundan əvvəl Yunanıstandakı adalardan valideyn himayəsindən məhrum olmuş 105 uşağı gətirib. Ümumilikdə 500 belə uşağın əyalətə gətirilməsi planlaşdırılıb.