Paytaxt yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə işlər davam etdirilir. Xüsusilə, azyaşlıların mütəmadi olaraq səfər etdiyi orta təhsil müəssisələrinin ətrafında müxtəlif təhlükəsilzik tədbirləri görülməkdədir. 

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, bu çərçivədə 206 təhsil müəssisəsinin ətrafında mövcud eyni səviyyəli piyada keçidləri yenilənib; sürücülər tərəfindən tez-tez sürət həddinin aşıldığı 3 təhsil müəssisəsinin qarşısında sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb; təhlükəsizliyin maksimum həddə çatdırılması üçün 7 təhsil müəssisəsinin ətrafında yerləşən eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.

Bundan başqa, ilin sonuna kimi bu kimi işlərin davam etdirilməsi, mövcud eyni səviyyəli piyada keçidlərinin mütəmadi olaraq yenilənməsi, daha 7 təhsil müəssisəsinin ətrafında sürət hədlərinin optimallaşdırılması, müvafiq yol nişanlarının quraşdırılması planlaşdırılır.