Hərbi sənayenin gücü artır
Hərbi sənayenin gücü artır

Yaxın 5 ildə daha ciddi nəticələr olacaq

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən 7 il ərzində Müdafiə Sənayesi Nazirliyində 45 istehsal sahəsi yaradılıb və hazırda 700-dən artıq müdafiə təyinatlı məhsullar istehsal olunur. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir qeyd edib ki, eləcə də həmin bazadan istifadə etməklə mülki təyinatlı məhsulların istehsalı istiqamətində də müəyyən nailiyyətlər əldə olunub.
"Bu gün 400-dən artıq çeşiddə mülki təyinatlı məhsullar istehsal olunur. Bildiyiniz kimi, müdafiə təyinatlı məhsullarla yanaşı, mülki təyinatlı məhsulların da sərgisi keçirilir. Artıq biz üç dəfə beynəlxalq sərgilərdə iştirak etmişik", - Camalov deyib.
Nazir bildirib ki, Müdafiə Sənayesi Nazirliyi 10 dəfə müdafiə təyinatlı məhsulların beynəlxalq sərgisində iştirak edib.
"Axırıncı iştirak etdiyimiz sərgi İndoneziyanın paytaxtı Cakarta şəhərində olub. Burada 125 adda müdafiə təyinatlı məhsullar nümayiş etdirmişik. Burada dünyanın aparıcı şirkətlərindən və firmalarından çoxları Azərbaycanda istehsal olunan məhsullara maraq göstərib və əməkdaşlıq istiqamətində müəyyən razılaşmalar əldə olunub", - Camalov deyib.Nazir, həmçinin vurğulayıb ki, 2012-ci ildə nazirliyin ixracatı 22 milyon manat təşkil edib. Maraqlıdır, Azərbaycan bu templə hərbi sənayeni inkişaf etdirməklə nələrə nail ola bilər? Ekspertlər bildirir ki, bu gün dünyada dövlətlərin iqtisadi gücləri həm də onun hərbi sənaye imkanları ilə çox bağlıdır. Məsələn, İsrail kimi dövlətin dövlət büdcəsi demək olar ki, hərbi sənayenin üzərində qurulub. Dünyanın ən qabaqcıl dövlətlərinin hərbi texniki bazası məhz İsrail sənayesi ilə formalaşıb. Və yaxud bu gün dünyanın silah bazarının çox önəmli hissəsi Rusiyanın payına düşür və Rusiya silah biznesi ilə kifayət qədər ciddi uğurlara imza ata bilib. Məhz bu faktorları nəzərə alsaq yaxın gələcəkdə Azərbaycanın hərbi sənayesinində ciddi rol oynayacağını söyləmək olar. Tutalım, götürək "İstiqlal" snayper tüfənglərini. Artıq bu silah növünə Türkiyə başda olmaqla bir sıra dövlətlər ciddi maraq göstərir. Bundan başqa Azərbaycan yaxın illərdə pilotsuz təyyarə də istehsal etməyə hazırlaşır ki, bu işdə də ciddi uğurlar ola bilər. Belə ki, hazırda dünyada pilotsuz təyyarələrə ciddi ehtiyac var və İsrail bu bazarda sözün həqiqi mənasında hökmranlıq edir. Azərbaycan isə bu bazara girməklə həm sənayenin inkişafına nail olar , həm də hərbi sənayedə dövlət büdcəsində mühüm rol oynaya bilər. Elə Türkiyənin özünün bu gün pilotsuz təyyarələrə ehtiyac hiss etdiyini demək kifayətdir. Ekspertlər bunu da bildirir ki, bu gün üçüncü dərəcəli dövlətlər, o cümlədən Afrika ölkələrinin silaha böyük ehtiyacları var və bu bazarlar bütövlükdə Rusiyanın təsirindədir. Azərbaycan isə bu bazara rahatlıqla daxil ola bilər. Bunu da qeyd edək ki, məhz Ermənistanda bu bazara müdaxilə etməyə başlayıb. Amma Rusiyadan ucuz qiymətə aldığı silahlarla. Artıq aydın olub ki, Ermənistan İrana silah satan dövlətlərdən biri imiş. Ekspertlər Azərbaycanın hərbi sənayesinin inkişaf etməsinin başqa bir tərəfinə də baxmağı vacib sayır. Bu isə, Azərbaycanın özünün müharibə şəraitində olmasıdır. Həqiqətən də bu gün Azərbaycanın hərbi təyinatlı avadanlıqlara, silahlara böyük ehtiyacı var və müəyyən silahları istehsal etməklə bu təminatı təmin etmək mümkündür. Hərbi ekspertlər bildirir ki, iri həcimli raketlər, hucum və müdafiə sistemləri istisna olmaqla digər silahları özü istehsal edə bilər və bununla milyardlarla manatın başqa ölkələrə verilməsinin qarşısı alına bilər. Ekspertlər deyir ki, 3 milyarddan çox hərbi büdcəsi olan dövlət üçün hərbi sənayenin inkişafı vacib məsələdir. Bunu da qeyd edək ki, artıq ordunun öz istehsalımız olan "istiqlal" snayper tüfəngləri ilə təmin olunması prosesi gedir və bu milyonlarla manat pulun ölkədə qalması deməkdir. Ekspertlər hesab edir ki, Azərbaycan yaxın gələcəkdə MDB dövlətlərinin əsksəriyyəti üçün də baza rolunu oynaya bilər. Hələlik isə hərbi sənaye mallarının ixracatı 22 milyon manata çıxıb və müşahidəçilər bildirir ki, müəyyən texniki hissələrin də, o cümlədən pilotsuz təyyarələrin də istehsalına başlamaqla bu vəsaiti ən azı iki dəfə artırmaq olar. Bununla yanaşı Azərbaycan ölkə kənarında da bazarlara sahib olarsa yaxın 5 il ərzində bu rəqəmin 4-5 dəfə artmasına nail olacaq. Bunun üçün isə kifayət qədər imkanlar var.
Mehdi Əli