Bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin Xarici İşlər nazirlərinin video-konfrans formatında iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, toplantıda Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov iştirak edib.

İclasda 2020-2022-ci illər üzrə AQEM-də Sədrliyin Qazaxıstan Respublikasına keçməsi ilə əlaqədar olaraq, bu ölkənin sədrlik proqramı və prioritetləri təqdim edilmiş, Qazaxıstan Respublikasının nümayəndəsi səfir Kayrat Sarıbəyin AQEM-in İcraçı Direktoru vəzifəsinə seçilməsi barəsində qərar qəbul olunub.

İclasda çıxış edən Xarici İşlər nazirinin müavini Araz Əzimov AQEM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin və üzv dövlətlərin üzləşdiyi hədə və çağırışlarla mübarizə sahəsində təşkilatın effektivliyinin artırılmasının vacibliyini vurğulayıb. A.Əzimov COVİD-19 pandemiyası ilə mübarizə sahəsində istər milli, istərsə də ikitərəfli və çoxtərəfli formatlarda Azərbaycan Respublikası tərəfindən atılan addımlara toxunaraq, xüsusilə hazırda Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin təşəbbüsü ilə atılan addımların AQEM çərçivəsində bu sahədə əməkdaşlıq üçün yaxşı nümunə təşkil etdiyini diqqətə çatdırıb.
Nazir Gürcüstanda erməni təxribatlarından danışdı

Azərbaycanın regional və trans-regional nəqliyyat infrastrukturunun inkişafı və əlaqəliliyin təşviqinə xüsusi əhəmiyyət verdiyini vurğulayan nazir müavini AQEM çərçivəsində qeyd edilən sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğunu və bu potensialın reallaşdırılması üçün praktiki əməkdaşlıq üçün tədbirlərin davam etdirilməsinin vacib olduğunu bildirib.

A.Əzimov bu kontekstdə nəqliyyat və tranzit infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid olduğunu bildirən A.Əzimov, Ermənistanın hazırkı rəhbərliyinin məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirən, münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlara zərbə vuran təxribatçı və təhrikedici fəaliyyətinə və bəyanatlarına diqqəti cəlb edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qəsd edən bu davranış və bəyanatları, o cümlədən münaqişənin həlli ilə bağlı irəli sürülən təklifləri nümayişkəranə şəkildə rədd etməsi ilə Ermənistan rəhbərliyinin danışıqları mənasız etdiyini vurğulayıb.

Xarici İşlər nazirinin müavini AQEM-in beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri üzərində qurulduğunu qeyd edərək, bu təməl prinsiplərin pozuntularına qarşı AQEM üzv dövlətlərinin prinsipial mövqe və həmrəylik nümayiş etdirməsinin vacib olduğunu vurğulayıb.

Ermənistanın təcavüzkar siyasətindən əl çəkməsi məqsədilə beynəlxalq ictimaiyyət, o cümlədən AQEM-in üzv dövlətləri tərəfindən zəruri addımlar atılmasının vacib olduğunu bildirib.