Komitə sədrinə 1 milyard dollarlıq sual
Komitə sədrinə 1 milyard dollarlıq sual
Əli Həsənovun qurumunun qaçqın və məcburi köçkünlər üçün mənzillərin tikintisi ilə bağlı xərcləmələri niyə şəffaf deyil?

Azərbaycanda neft pullarından önəmli məbləğdə bir pay da qaçqın və məcburi köçkünlər üçün mənzillərin inşasına ayrılır. Amma həmin məbləğin təyinatı ilə bağlı məsələlərdə şəffaflıq təmin olunmayıb, belə mənzillərin neçəyə başa gəlməsindən tutmuş qaçqın və məcburi köçkünlərə doğrudan da pulsuz paylanmasınadək bir çox parametrlər üzrə ortada ciddi şübhələr var.
Ekspertlər də belə hesab edirlər ki, Azərbaycana daxil olan neft pullarının şübhəli xərclənmə mənbələrindən biri də "Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirləri" layihəsidir. Araşdırmalar göstərir ki, Neft Fondundan birbaşa maliyyələşmə nəticəsində layihəyə 2001-ci ildən 2011-ci ilədək ümumilikdə 765,0 milyon manat ayrılıb. Ötən ilin büdcəsində isə bunun üçün ümumilikdə 140 milyard manat ayrılmışdır. Ayrılmış vəsait hesabına Azərbaycanın müxtəlif bölgələrində enerji, qaz, su təchizatı və digər zəruri sosial və texniki infrastruktur sistemləri ilə təmin edilən yeni yaşayış qəsəbələrinin salındığı bildirilir. 2012-ci ildə sözügedən layihə çərçivəsində ayrılan məbləği dəqiqləşdirə bilmədik, şübhə yoxdur ki, başa çatmaq üzrə olan ildə də qaçqın və məcburi köçkünlər üçün mənzillərin tikintisi 100 milyon manatın üzərində bir məbləğin "başını yeyib".
Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Əli Həsənovun sədri olduğu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilmiş və müvafiq qaydada əsaslandırılmış sifarişləri əsasında adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir. Ekspertlər təəssüflə qeyd edirlər ki, bir neçə dəfə sorğu verilməyinə rəğmən tikilən evlərin, salınan yolların, infrastruktur obyektlərinin dəyəri ilə bağlı dəqiq məlumat almaq mümkün olmayıb. Maraqlıdır ki, komitədən sorğu müəlliflərinə bu rəqəmlərin fonddan alına bilinəcəyi bildirilir, fonddan isə komitənin adı çəkilir.
Qeyd edilməli olan vacib məqamlardan biri də odur ki, Neft Fondunun, büdcənin və Qaçqın və Məcburi Köçkünlərlə İş üzə Dövlət Komitəsinin açıqlamalarının hər birində layihə üzrə ümumilikdə ayrılmış vəsaiti ifadə edən rəqəmlər müxtəlifdir. Məsələn, komitə sədri Əli Həsənov ötən il keçirdiyi bir mətbuat konfransında həmin vaxtadək layihə üzrə 860 milyon manat ayrıldığını bildirmişdi. Neft Fondunun saytında isə 2011-ci ilin iyulun 1-nə olan statistikaya əsasən isə bu rəqəm 765 milyon manatdır. Hər bir halda söhbət təxminən 1 milyard dollardan getsə də, təəssüflər olsun ki, büdcədən maliyyələşən digər layihələrdə olduğu kimi, Əli Həsənovun komitəsinin nəzarətindəki məlum layihədə də şəffaflıqdan danışmaq qeyri-mümkündür. Qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələrlə, tikilən evlərlə bağlı ictimaiyyətə heç bir detallı məlumat verilmir. Tikinti layihələrini hansı şirkətlər reallaşdırıb, onlar hansı tenderlər nəticəsində müəyyənləşib, bir mənzil neçəyə başa gəlib, bir məktəb, xəstəxana və s. bu tip obyektə nə qədər vəsait xərclənib, bu kimi suallar hər zaman açıq qalıb. Üstəlik, qaçqın və məcburi köçkünlərə onlar üçün dövlət vəsaiti hesabına tikilən mənzillərin pula satıldığı barədə mətbuatda özünə yer alan iddia və şikayətlər də müəyyən müəmmalardan xəbər verir.
Salınan qəsəbələrlə, tikilən evlərlə bağlı bütün açıqlamaların, məlumatların eksklüziv müəllifi rolunda Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi və ("Qaçqınkom") qurumun sədri çıxış edir. Lakin açıq qalan suallarla ona edilən müraciətləri çox təəssüflər olsun ki, Əli Həsənov və onun komitəsi bir qayda olaraq cavablandırmır. Məsələn, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının bir neçə ay əvvəlki hesabatında da haqqında danışılan layihəyə ayrılan pullar və həmin pullar üzərində şəffaflıq barədə şübhələr əsaslandırılır, Həsənovun özünün və komitəsinin elə şübhələrə aydınlıq gətirməkdə maraqlı olmadığı vurğulanırdı.
Amma o vaxt da komitə bu tanınmış QHT-nin iddia və ittihamları qarşısında susqunluq nümayiş etdirdi. Susmaq isə, deyilənə görə, razılıq əlamətidir.
Günel Əkbər