COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayonun təhsil müəssisələrində  monitorinqlər keçirilib.

Unikal.org xəbər verir ki, Xırdalan şəhəri, Masazır, Novxanı kənd məktəblərində keçirilən manitorinqlər zamanı təhsil prosesinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun şəkildə təşkil olunub – olunmadığı yoxlanılıb. Monitorinqlər zamanı bildirilib ki, əgər məktəbin binasında (korpuslarında) 1-dən çox giriş qapısı varsa, o zaman giriş qapıları müvafiq hərflərlə kodlaşdırılmalı (A, B, C və s) və hər bir giriş qapısının önündə sosial məsafənin gözlənilməsi üçün dayanma işarələri çəkilməlidir. Bu proses daha çox şagird sıxlığı çox olan məktəblərə tövsiyə edilir və bu zaman elektrik hərarət ölçən cihazın sayı nəzərə alınmalıdır. Belə bir variant tətbiq ediləcəyi təqdirdə, şagirdin hansı girişdən daxil olacağı barədə valideynlərə əvvəlcədən bildirilməlidir.

Məlumat verilib ki, məktəbin girişində hər bir şagirdin hərarəti ölçülməli və hərarət 37.1° C dərəcədən aşağı olduğu halda, şagird sinif otağına yönəldilməlidir, hərarət qeyd edilən həddən yüksək olduqda, təxirəsalınmadan məktəbin həkimi tərəfindən valideyn təlimatlandırılmalı və şagird geri qaytarılmalıdır.

Bildirilib ki, sanitariya qovşağının döşəməsi, çanaqlar, qapı tutacaqları və digər istifadə olunan səthlər xüsusi dezinfeksiyaedici vasitələrlə hər iki saatdan bir təmizlənməli və dezinfeksiya edilməlidir. Sanitariya qovşaqlarında maye sabun, dezinfeksiyaedici məhlul hər zaman olmalıdır. Texniki işçi heyəti təmizlik zamanı əlcək və maskadan istifadə etməli, təmizlik prosesindən sonra istifadə olunan qoruyucu vasitələr xüsusi qapalı zibil qutularına atılmalıdır.