Sentyabrın 25-də Sumqayıt şəhərində yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Unikal.org-un verdiyi məlumata görə, görüşdə Rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov və məzunlar iştirak edirdilər. Tədbir karantin rejiminin qaydalarına uyğun şəkildə həyata keçirilib.

Tədbir açıq elan edildikdən sonra tələbə adını qazanan gəncləri təbrik edən RİH-nin başçısı Malik İsaqov qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Bu mənada təhsil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Bildirildi ki, pandemiyanın ağır təsirləri – ölüm halları, iqtisadi geriləmə və sosial çətinliklərə baxmayaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə inkişaf və çiçəklənmənin əsas təminatı kimi təhsil və tədrisin yeni şəraitə uyğun şəkildə təşkil olunması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Natiq qeyd etdi ki, cənab Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində, ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür və ölkəmizdə gənclərə geniş imkanlar yaradılır. Dövlət başçısının təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, son illərdə müasir məktəb binaları tikilir, mövcud müəssisələr üçün yeni tədris korpusları inşa olunur.

Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Rayonda 32 ümumtəhsil məktəb fəaliyyət göstərir ki, onlardan 18-i yeni tikilmiş, 14-ü əsaslı təmir olunmuşdur. Eyni zamanda 2019-2020-ci tədris ilində Sumqayıt şəhər 12-ci mkr ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir.

Cari ildə 554 məzundan 495 nəfəri sənəd vermiş və onlardan 360 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 49 nəfər məzun 500-600 arası, 22 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi 73% təşkil edir. Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.Sonra çıxış edən Qubadlı rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirdi. Sonda yüksək bal toplamış gənclərə Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar verildi.