Yardımlıda 2012-ci “İLİN ƏN YAXŞILARI” seçilib
Rayonun İcra başçısı Sevindik Hətəmov qaliblər siyahısındadır

Məlum olduğu kimi “Yardımlı Xeyriyyə Cəmiyyəti” artıq bir neçə ildir ki, Yardımlıda göstərdikləri xidmətlərə və qazandıqları uğurlara görə “İLİN ƏN YAXŞILARINI” mükafatlandırmaq məqsədi ilə ölkəmizdə yaşayan Yardımlı əsilli soydaşlarımız arasında sosial sorğu keçirir. Təşkilat bu il də ənənəsinə sadiq qalaraq ilin yekunlarını açıqlayıb. Bu barədə unikal.az-a məlumat verən qurumun rəhbəri Elman bəyin bildirdiyinə görə bu ilki nəticələri aşağıdakı kimi olub:
Respondentlərin böyük əksəriyyəti sualları cavablandırarkən “İLİN ƏN YAXŞI TƏHSİL İŞÇİSİ” Anzov kənd məktəbinin müəllimi Mərdan Dadaşlını, “İLİN ƏN XEYİRXAH İŞ ADAMI” əslən Telavar kəndindən Hacı Gülağa Əbişovu, “İLİN ƏN NÜMUNƏVİ MƏMURU” ilk dəfə olaraq Rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmovu, “İLİN YAZARI” fəlsəfə doktoru Sabir Bəşirovu, “İLİN ƏN BAXIMLI TELEVİZİYA KANALI” Space TV-ni göstəriblər. “İLİN ƏN YAXŞI BƏLƏDİYYƏSİ hansıdır” sualına isə respondentlərin heç biri münasibət bildirməyib.