Xaricdə yaşayan azərbaycanlılar və yaşadıqları ölkələrdə müəyyən mövqeyə sahib olan şəxslər sosial şəbəkə hesablarından Azərbaycana və ordumuza dəstək nümayiş etdirirlər.

Unikal.org  Diaspora Komitəsinə istinadən onların bir qisminin paylaşımlarını təqdim edir:

Türkiyədə yaşayan dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl da sosial şəbəkə hesabında  “Qarabağ Azərbaycandır!” yazısı ilə  şəkil paylaşaraq Azərbaycana dəstək nümayiş etdirib. Növbəti paylaşımında isə instagram izləyicilərinə müraciət edib: “Azərbaycan öz ərazisində ərazi bütövlüyü uğrunda müharibə aparır. Bu sizin torpaqlarınızda baş versəydi nə edərdiniz?”. 

ABŞ-da yaşayan soydaşımız, şair, yazıçı, filologiya elmləri doktoru YUNESKO-nun Fəxri Mədəniyyət Səfiri Aleksandr Səlimov şəxsi sosial hesabında torpaqlarımızın işğal edilməsi uğrunda mübarizə aparan ordumuza dəstək nümayiş etdirib. O, şəxsi twitter hesabında yazır:  “Azərbaycan işğal edilmiş Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və digər işğal olunmuş ərazilərinin azad olunması uğrunda mübarizə  aparmağa  məcbur idi. Azərbaycanın yanında olun!”

Qeyd edək ki, Aleksandr hazırda Delaver Universitetində İspan və Latın Amerikası ölkələri ədəbiyyatından dərs deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin Senatoru seçilib, 2010-2012-ci illərdə isə Delaver Universiteti Senatının Prezidenti olub.

Türkiyənin Adana şəhərində yaşayan, Çukurova Universitetinin Teatr bölümünün rəhbəri, Azərbaycanın xalq artisti Cahangir Novruzov da sosial şəbəkə hesabında Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması naminə ədalətli mövqeyini dəstəkləyib. O, şəxsi instagram səhifəsində  üzərində “Azərbaycan öz ərazisində və ərazi bütövlüyü uğrunda müharibə aparır” yazılmış  şəkil paylaşıb.

Rusiyada yaşayan azərbaycanlı jurnalist Səadət Kadırova da sosial şəbəkə hesabında Azərbaycana dəstək olduğunu nümayiş etdirib. Onun fikirləri bu sözlərlə başlayıb “Azərbaycan cəmiyyəti heç vaxt əvvəlki kimi olmayacaq…”.