İşğal məsələsi həmişə Azərbaycan tərəfindən, Beynəlxalq təşkilatlar tərəfindən qaldırılıb. Bu günə kimi beynəlxalq təşkilatların sərgilədiyi mövqe bəllidir. İndiki konkret halda isə biz Ermənistanın yeni təcavüz aktından danışırıq və təbii ki, yeni təcavüz aktı da beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qınanmalıdır.

Bu barədə Unikal.org-a Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib.

Artıq dövlətlər, təkilatlar tərəfindən açıqlamalar və münasibətlər bildirilir. Xüsusən də mən İslam Əməkdaşlıq Təşkilatı, Türkiyə, Pakistan, Əfqanıstan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin dünən verdiyi açıqlamanı qeyd etmək lazımdır.

Belə ki, bunların hər birində bölgədə yaranmış gərginliklə bağlı narahatlıq ifadə olunub, Ermənistana təcavüzə son qoymağa çağırış edilib. Çünki məlum məsələdir ki, münaqişənin kökündə Ermənistanın təcavüzkar siyasəti durur. Nə qədər ki, Ermənistanın işğalçı qüvvələri Dağlıq Qarabağ ərazisindən çıxmayacaq, biz belə gərginliyi müşahidə edəcəyik. Bu baxımdan gözləntimiz də odur ki, beynəlxalq ictimaiyyət təcavüzkara layiqli şəkildə münasibət bildirəcək, təcavüzkar Ermənistanın bu hərəkətlərini kəskin şəkildə qınayacaq və işğalçı qüvvələrin Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazilərindən çıxarılmasını tələb edəcək.

Nigar Orucova