Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr öz vətəndaşlarımızla yanaşı digər ölkələrin vətəndaşları tərəfindən də böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Onlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

Unikal.org xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur.

Türkiyə Respublikasının Adana şəhərindən Efe Hüsem Oktay oğlu məktubunda qeyd edib:

“Hörmətli cənab Prezident! Mən Türkiyənin Adana şəhərində həkim işləyirəm. Doğma Vətən, qardaş ölkə Azərbaycanda Tibb Universitetində təhsil almışam. Erməni işğalçıları ilə cəbhədə vuruşan qardaşlarıma lazım olarsa ya həkim kimi, ya da bacardığım başqa iş üzrə xidmət göstərməyə hər an hazıram. Şübhəsiz, çağırış etsəniz, ən qısa zamanda gələrəm. Ürəyim Sizinlədir. Allah yar və yardımçınız olsun”.

Türkiyə Respublikasının İstanbul şəhərindən Amanat Aydın Ali oğlu hər zaman Azərbaycanın yanında olacağını bildirib:

“Hörmətli cənab Prezident! Azərbaycan Ordusunun düşmənə qarşı lazımi müdafiə tədbirlərini ən yüksək səviyyədə təşkil etdiyini və əks-hücumla ermənilərə sarsıdıcı zərbələr endirdiyini sosial mediadan öyrəndim. Haqsızlığı özünə məslək bilən, qardaş ölkəmin insanlarına qəsd edən, adını belə çəkməyə dilim gəlməyən aciz topluya qarşı təbii ki, gücünüzün yetəcəyini atalarımızdan gələn qandan bilirəm. Ancaq ehtiyac olarsa, qardaş ölkəmin bu mübarizəsində hər zaman yanınızdayam. Türk milləti olaraq birimizə olunan haqsızlıq hamımıza edilən haqsızlıqdır. Hər zaman qardaş ölkəmin yanında olacağımı bildirir, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm”.

Türkiyə Respublikasının Ankara şəhərindən Yazar Suat Muratoğlu məktubunda yazıb:

“Hörmətli cənab Prezident. Mən Türkiyə vətəndaşıyam. Xaraktersiz ermənilərin əməllərini şiddətlə qınayıram. Davanız davam, yolunuz yolumdur. Azərbaycan mənim də ölkəmdir. Lazım gələrsə, Sizin ölkəniz üçün də vuruşmağa, şəhid olmağa tərəddüd etmərəm. Dualarım Sizinlədir. Ehtiyac olarsa, sevə-sevə cəbhəyə getməyə və qardaşlarımla birlikdə vuruşmağa hazıram. Allah yardımçısınız olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza da qısa zamanda şəfa tapmalarını diləyirəm”.

Türkiyə Respublikasının İstanbul şəhərindən Hakan Yıldız qeyd edib:

“Hörmətli cənab Prezident. Qardaş ölkəmizə və bütün vətəndaşlarınıza mənim və ətrafımda olan insanların səmimi salamlarını çatdıraraq haqq işinizdə uğurlar arzulayıram. Əziz Prezident, mən və ətrafımda olan çoxsaylı insanlar rəhbərliyinizlə qazanılan rəşadətli qələbə sevincini Sizinlə bölüşmək üçün yanınızda olmaqdan şərəf duyarıq. Azərbaycan bizim ikinci Vətənimizdir. Sizi öz rəhbərimiz kimi sevir, qərarlarınızı dəstəkləyirik. Hamımızın duaları qələbə qazanmağınız üçündür”.

Türkiyə Respublikasının Tekirdağ şəhərindən Özdoğan Məhəmməd Yasin Cəlal oğlu və Satı Levent Casim oğlu yazır:

“Hörmətli cənab Prezident. Bu çətin günlərdə Sizə yaxşı və sağlam çalışmalar və uğurlar diləyirəm. Mənim 24 yaşım var. Vətənin bu çətin günündə azərbaycanlı qardaşlarımın yanında olmaq istəyirəm. Hər hansı bir əmriniz olarsa canla-başla yerinə yetirməyə hazıram. Cənab Ali Baş Komandan, ermənilərə qarşı hərbi əməliyyatların iştirakçısı olmaqdan qürur duyardım. Əmrinizi gözləyirəm”.

Almaniya Federativ Respublikasının Dortmund şəhərindən Halil Deniz Kalakli ermənilərə qarşı vuruşmaq istədiyini yazıb:

“Hörmətli cənab Prezident. Mən Almaniyada yaşayan türk vətəndaşıyam. Azərbaycanın Ermənistanla yaşadığı problemi yaxından izləyirəm. Burada bir qərar tuta bilmirəm. Hazırda böyük narahatlıq içərisində Azərbaycan Silahlı Qüvvələrinin zəfər çalması üçün dualar edirik. Türkiyədə yaşadığım dövrdə Türk Özəl Qüvvələrində əsgərlik etmişəm. İcazənizlə Azərbaycana gəlib Sizlərlə bərabər ermənilərə qarşı vuruşmaq istəyirəm. Burada bir çox türk qardaşlarımız da Azərbaycana gəlib qardaşlarımıza dəstək vermək istəyirlər. Eyni zamanda, Türkiyədə yaşayan həmvətənlərim də eyni duyğu və düşüncə içərisindədirlər. Artıq Ermənistana sərt bir sillə vurmağın zamanı gəlmişdir. Ermənilər türkün əsl gücünü görməlidirlər. Birlikdə onların üzərinə getməliyik. Hörmətli cənab Prezident, əmr etdiyiniz anda yanınızda olacağımı bilməyinizi istəyirəm. Sizi və bütün azərbaycanlı qardaşlarımızı Allaha əmanət edirəm”.

Türkiyə Respublikası, Şanlıurfa şəhərindən Babacan Eyüp deyib: 

“Hörmətli cənab Prezident. İlk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirirəm. Erməni işğalçıları ilə apardığınız mübarizədə Türkiyə xalqı olaraq, sonuna qədər yanınızda olduğumuzu, dualarımızın Sizinlə birlikdə olduğunu bilməyinizi istəyirik. Rəbbim qardaş Azərbaycanın yardımçısı olsun. Hər zaman can qardaşlarımızın yanındayıq.Tutduğunuz bu haqq yolunda Sizə zəfər arzulayıram”.

Pakistan İslam Respublikası, Multan şəhərindən Məsud Əhməd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbilə dəstəklədiyini bildirib:

“Möhtərəm cənab Prezident. Mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram. Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür. Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini azrulayıram. Allahın mərhəməti daim üzərinizdə olsun. Xeyirli dualarımız Sizlərdən əksik deyil”.
Ukrayna, Kropivnitskiy şəhərindən Qorovaya Natalya Vasilyevna Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində kimi iştirak etməyə hazır olduğunu qeyd edib:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan. Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir. Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik”.