Sentyabrın 27-29-da Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, yol kənarına, otlaq və əkin sahəsinə düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 32 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, daxil olmuş 36 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun 1-ci 4 Yol, Quzanlı qəsəbələri və Çəmənli kəndi, Ağcabədi rayonunun Qaradolaq, Ağgöl, Avşar, Hacılar kəndləri, Tərtər rayonun Qaynaq, Sarıcalı, Çəmənli kəndləri və Şıxarx qəsəbəsi, Füzuli rayonun Şükürbəyli və Horadiz kəndləri, Goranboy rayonunun Qaramusalı, Həmənli, Qaraçinar, Boluslu, Meşəli, Qırıqlı kəndləri, Biləsuvar rayonun Nəriman kəndi, Naftalan rayonunun Qaşaltı kəndi və Hacıqabul rayonu ərazisində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 34 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba (OFAB-100), 6 ədəd raket, 1 ədəd raketinin arxa hissəsi (dolu) və 2 ədəd döyüş başlığı, 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd dron (partladıcısı yerində zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxeması və 4 ədəd partlamış raket hissələri aşkar olunub.