Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və İsveç Krallığının Xarici İşlər naziri Ann Linde arasında videokonfrans formatında görüş baş tutub.

XİN-dən Unikal.org-a verilən məlumata görə, C.Bayramov İsveç Xarici İşlər nazirinin bölgəyə planlaşdırılan səfəri təxirə salındığı üçün video konfrans formatında görüşün keçirildiyini qeyd etdi və bu görüşün həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi üçün faydalı olacağını bildirdi.

İsveç naziri Azərbaycana səfərinin noyabr ayına təxirə salındığını qeyd etdi və iki ölkə arasındakı münasibətlər ilə yanaşı, İsveçin ATƏT-də qarşıdan gələn sədrliyi ilə əlaqədar məsələlərinin gələcək səfər çərçivəsində daha ətraflı müzakirəsi imkanının olacağını ifadə etdi.

Görüşdə nazirlər Azərbaycan və İsveç arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edərək, əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyətini vurğuladılar. Xüsusilə, ticarət sahəsində əməkdaşlığın inkişafı, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bölgədə yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edən nazir Ann Linde sülhün təmin olunmasının vacibliyi bildirdi və hazırkı vəziyyəti sorğu etdi.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ağır nəticələri ilə bağlı həmkarına məlumat verdi, münaqişənin həllinin əsasını təşkil edən qərar və qətnamələr, o cümlədən BMT TŞ məlum qətnamələrinin tələblərini qeyd etdi. Ermənistan rəhbərliyin son zamanlar sərgilədiyi təxribatçı fəaliyyəti, o cümlədən cari ilin 12-16 iyul tarixində Ermənistanın iki dövlət sərhədində hücum cəhdi, 23 avqust tarixində diversiya-kəşfiyyat qrupunun təxribatı, Azərbaycan işğal edilmiş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, eləcə də digər təhrikçi bəyanat və açıqlamaları barədə İsveç nazirini məlumatlandırdı. Bölgədə davamlı sülh və təhlükəsizliyinin təmin olunması üçün Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasının zəruri olduğunu bildirdi.

Nazir Ann Linde İsveçin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini qeyd etdi. Dövlətlərin Helsinki Yekun Aktının başlıca prinsiplərinə hörmət etməsinin vacibliyi ifadə olundu.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.