Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1500-dən artıq hərbçiyə mənzillər verilib.

Unikal.org xəbər verir ki, bu barədə “Xalq qəzetinə” müsahibəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini- Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev məlumat verib.

Onun sözlərinə görə, hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir:

“Eyni zamanda hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial və məişət məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi də bu qayğının bir hissəsidir. Bu bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr edən hərbi qulluqçular hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar”.