"İran mətbuatı İran-Azərbaycan münasibətlərində bədnam məşhur üçüncü qüvvə rolunu yerinə yetirir"
"İran mətbuatı İran-Azərbaycan münasibətlərində bədnam məşhur üçüncü qüvvə rolunu yerinə yetirir"

Son 4-5 ildə İran mətbuatı Azərbaycan-İran münasibətlərində üçüncü qüvvəni axtarmaqla məşğuldur. İran mətbuatı üçüncü qüvvəni axtara-axtara faktiki özü həmin qüvvəyə çevrildi. Bəzən bizim tərəfdə də kimlərsə Azərbaycan-İran münasibətlərində üçüncü qüvvənin mövcudluğuna inanıblar.

O cümlədən səfir Pak Ayin APA-ya verdiyi müsahibədə əsas vurğunu üçüncü qüvvənin üzərində qurur. Lakin toxunduğu və ya təfsir etdiyi hadisələrin hamısı İranın antiazərbaycan mətbuatından qaynaqlanan məsələlərdir.
"Sunday Times" qəzeti İsrailin sözü ilə nəsə yazır, amma bunu tirajlayan İran mətbuatıdır.
Azərbaycanla İran arasında sadələşdirilmiş viza rejimi ləğv olunubsa, bunu şişirdən də İran mətbuatıdır: guya azərbaycanlıların qayğısına qalırlar, Azərbaycan vətəndaşları səhiyyə xidmətindən ötrü İrana möhtac imiş, İran olmasa, Azərbaycan vətəndaşları acından öləcəklərmiş.
Əvvəla, sadələşdirilmiş viza rejiminin Azərbaycan tərəfindən ləğvi Azərbaycan vətəndaşlarının İrana gəliş-gedişinə qətiyyən təsir etmir. Çünki Azərbaycan vətəndaşları İran qaydalarına uyğun İranın ərazisinə vizasız gedib-gələ bilirlər. İkincisi, bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Çünki Sovet dövründə Sovet qaydalarına uyğun imzalanmış müqavilənin müddəti başa çatdı və bu müqavilənin müddətinin uzadılmasının qətiyyən əhəmiyyəti yoxdur. Sovet dövrünün müqaviləsinin müddətinin bitməsi İranla Azərbaycan arasında yeni müqavilənin imzalanmaması anlamına gəlməməlidir. Üçüncüsü, İran Azərbaycanla münasibətlərini inkişaf etdirməklə bağlı səsləndirdiyi fikirlərə inanırsa, deməli, yaxın vaxtlarda "Xudafərin" və "Araz" adlı iki azad iqtisadi zona yaradılacaq. Bu azad iqtisadi zonaların yaradılması 45 km ərazidə viza rejiminin aradan qaldırılmasını tələb edir. Ya İran siyasətçiləri burunlarının ucundan uzağı görmək istəmirlər, ya da antiazərbaycançılıq nümayiş etdirmək üçün bəhanə axtarırlar.
Dünya Azərbaycanlıları Konqresinin mövqeyinə qarşı İranın etiraz etməsi də eyni bu qəbildən olan məsələdir. Əvvəla, dünya azərbaycanlıları təkcə İran azərbaycanlılarından ibarət deyil. İkincisi, xoflu İran nəhayət ki, rəsmi Bakının İranın daxili işlərinə qarışmamaq və ərazi bütövlüyünü dəstəkləmək kursuna inanmalıdırlar. İran siyasiləri həm də ona görə inanmırlar ki, özləri bizim daxilimizi qarışdırmaqla məşğuldurlar. Öz ölkəsində talışları əzən, hüquqlarını pozan, heç bir təhsil və mədəni azadlıq verməyən, talışların liderini ac-yalavac gündə yaşadan İran bizim ölkədəki talışların qayğısına qalır.
Dünya Azərbaycanlıları Konqresi tamamilə düzgün yoldadır. İran normallaşıb, düzgün siyasət aparmaq halına düşənədək Dünya Azərbaycanlıları Konqresi yolunu davam etdirməlidir. DAK-ın son mövqeyinin talış hərəkatından sonraya düşməsi təsadüfi deyil.
Qəbələ RLS-in haqqında icarə müqaviləsinin vaxtının bitməsi də belədir. Müqavilənin vaxtı bitdi, uzadılmadı. Burada Rusiyanın Azərbaycanı təhqirinə və ya təzyiqinə heç bir yer yoxdur. Qəbələ RLS-in fəaliyyətinin dayandırılması ilk növbədə İrana faydalıdır. Qəbələ RLS ən ciddi şəkildə İranın ərazisini nəzarətdə saxlayırdı, əldə olunan məlumatlar təkcə Rusiyada qalmırdı, həm də ABŞ-a ötürülürdü. Rusiya ilə ABŞ arasında bu mövzuda müqavilə var idi. Səfir Ə.Nəhavəndiyanın dövründə bu mövzular aşkarlandı. Hər halda Nəhavəndiyan o dövrdə Qəbələ RLS ilə bağlı keçirilən tədbirlərdən hesabatlar hazırlayıb, İran xarici işlər nazirliyinə təqdim edib. İran Qəbələ RLS-in fəaliyyətinin dayanmasına sevinmək əvəzinə, öz mətbuatı və Ermənistandakı təsiri altında olan mətbu orqanları vasitəsilə Azərbaycana təzyiq kampaniyası aparmağa başlayıb. Təzyiq kampaniyası da əcaib məzmunda reallaşdırılır. Guya Azərbaycan İsrailin sözü ilə Qəbələ RLS-nin fəaliyyətini dayandırıb. İranın özünün və havadarlarının apardığı təbliğatdan belə çıxır ki, İsrail İranın maraqlarını qorumağa başlamışdır.