Nazim İbrahimovun ikibaşlı oyunu
Nazim İbrahimovun ikibaşlı oyunu

Komitə sədrinin "Milyarderlər İttifaqı" ilə bağlı ilginc sirri ortaya çıxdı

Rusiyada yaradılan və şərti olaraq "Milyarderlər İttifaqı" adlandırılan qurumla bağlı sensasion məqam ortaya çıxıb. Bu məqam isə ittifaqın yaradıcılarından olan "AzərRos" prezidenti Söyün Sadıqovun son açıqlamalarında özünə yer alıb.

S. Sadıqov Diasporlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun Moskvaya səfərlərindən birində nümayəndələri Natiq Ağamirovun onunla görüşdüyünü və Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) qeydiyyat üçün sənədlərini təqdim etdiyini, İbrahimovun da bu qərarı alqışladığını deyib. Sadıqovun belə bir məqama toxunması ən azı ona görə ilgincdir ki, RATİ elan edildikdən dərhal sonra məhz Nazim İbrahimovun komitəsi bir bəyanat yaymış və "Milyarderlər İttifaqı"nın yaradılmasını pisləmişdi.
İndi isə belə məlum olur ki, hörmətli komitə sədrinin ilk günlər mövqeyi tamamilə fərqli imiş. Söyün Sadıqov da bu məqama toxunarkən olduqca sərt ifadələr işlədir. O, N.İ brahimovun RATI ilə bağlı verdiyi bəyanata münasibət bildirkən bunu komitə sədrini "prinsipsizliyinin göstəricisi" adlandırır və əlavə edir: "Rəhbərin özünün mövqeyi olmadıqda, məhz belə olur. Çünki o, əvvəlcə RATI-ni dəstəkləyir, sonra ona bütün səyi ilə yeni təşkilatı pisləyir". Sadıqovun sözlərinə görə, əsas problem Azərbaycan icmasında heç bir çəkisi olmayan, diasporun hər hansı problemini həll edən N. İbrahimovun özündədir.
Bəs İbrahimovun prinsipsizliyinin səbəbi nə ola bilərdi? Bu barədə münasibətini soruşduğumuz adının çəkilməsini istəməyən ekspert qeyd edir ki , Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin iqtidar içində dayaqları əməlli-başlı laxlayıb: "O, biznesinin əhəmiyyətli hissəsindən məhrum olunub, nəzarətindəki telekanal belə əlindən alınıb. Hətta rəhbərlitk etdiyi komitənin ləğv edilərək onun səlahiyyətlərinin Xarici İşlər Nazirliyində yeni yaradılacaq idarəyə verilməsi də gündəmdəki məsələlərdən idi. Nazim İbrahimova Diasporla İş üzrə Dövlət Komitəsinin 10 yaşının yüksək səviyyədə qeyd edilməsinə imkan verilməməsi də ona münasibətin hakimiyyət daxilində əvvəlki illərlə müqayisədə xeyli dəyişdiyini göstərir".
Mənbəmiz istisna etmir ki, Nazim İbrahimov RATİ-də kifayət qədər tanınmış azərbaycanlı bürokrat və iş adamlarının birləşməsini görüb onlara sıcaq münasibət bəsləyib: "Görünür, oradakıların xoşuna gəlməklə onların Azərbaycan hakimiyyəti ilə yaxın münasiətlərindən istifadə edərək özünün də durumunu yaxşılaşdırmağı
planlayırmış. Yəni RATİ-nin yaradılmasını alqışlamaqla sonradan oradakıların köməyi ilə öz karyerasını qorumağın qeydinə qalmağı düşünürmüş".
Ekspertin sözlərinə görə, amma sonradan "Milyarderlər İttifaqı" ilə bağlı çeşidli iddialar ortaya çıxdıqdan, ən əsası isə rəsmi Bakı RATİ-nin qurulmasını top-tfənglə qarşıladıqdan sonra Nazim İbrahimov da bərk narahatlıq keçirməyə başlayıb və tələm-tələsik həmin qurumun yaradılmasını pisləyən bəyanat verib: "Komitə sədrinin belə qabaqdangəlmişliyinin səbəbini təxmin etmək çətin deyil. İbrahimov ilk günlər bu qurumun yaradılmasını alqışladığının ortaya çıxmasından əndişələnib və "qara onu basınca, o qaranı asmağa" üstünlük verib. Görünür, komitə sədrinin ğlına da gəlmirmiş ki, "Milyarderlər İttifaqı"nın yaradılmasında hansısa başqa məqsədlər də ola və bu da Azərbaycan hakimiyyətini qıcıqlandıra bilərmiş. Bir sözlə, Nazim İbrahimov "qaş qayırarkən vurub gözü də çıxardığından" tez duyuq düşüb və məlum bəyanatı ilə özünün əvvəlki addımını sığortalamağa çalışıb".
Günel Əkbər