Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov və baş nazir Kubatbek Boronovun olduqları yer məlum deyil.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının başçısının müavini Omurbek Suvanaliyev “İnterfaks”a bildirib.

O əlavə edib ki, təhlükəsizlik baxımından sərhədin bağlanmasına qərar verilib.

Suvanəliyevin sözlərinə görə, ölkənin yüksək vəzifəli şəxsləri etiraz aksiyaları başlayandan bəri ictimaiyyət qarşısında görünməyiblər. Prezidentin bir neçə müraciəti internetdə yayımlansa da, onların harada yazıldığı məlum deyil.

“İş yerlərlərini tərk edən məmurlar gizli yerlərdədirlər. Dəqiq harada olduqlarını deyə bilmərik, çoxu gizlənib. Bəziləri, Boronov kimi, məsafədən işlədiklərini və istefa etmədiklərini israr edirlər. Böyük toqquşmalara səbəb ola biləcək bu cür revanşistlər çoxdur, - deyə Suvanaliyev bildirib.

Xatırladaq ki, Bişkekdə bazar ertəsi Ala-Too mərkəzi meydanında parlamentə keçməyən partiyaların tərəfdarları olan iki minə yaxın insan toplanıb. Onlar seçkilərin nəticələrini ləğv etməyi və qanunverici məclisə yeni seçkilərin keçirilməsini tələb ediblər. Gecə isə Qırğızıstanın paytaxtı Bişkekdə etiraz aksiyasının iştirakçıları dövlət başçısının administrasiyasının olduğu parlament binasını tutublar. Nümayişçilər həbsdə olan sabiq prezident Almazbek Atambayevi və keçmiş baş nazir Jantor Satıbaldiyevi azad ediblər.