"Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələr sevinməsin"
"Azərbaycanın uğurlu inkişafını
istəməyən qüvvələr sevinməsin"
"bp şirkəti iradlara çox böyük məsuliyyətlə yanaşıb"

"2012-ci il ölkəmiz üçün həm idman sahəsində, həm də başqa sahələrdə çox uğurlu il olub. Deyə bilərəm ki, ölkə qarşısında duran bütün əsas vəzifələr bu il də icra edilib. İqtisadiyyatımız uğurla inkişaf edib. Sosial məsələlərin bir çoxu həllini tapıb".
Bunu prezident İlham Əliyev bu gün Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekunlarına həsr olunmuş mərasimdəki çıxışında deyib.
Prezident deyib ki, uzun illərdir ki, sovet dövründən dondurulmuş vəziyyətdə qalan əmanətlər vətəndaşlara qaytarılmağa başlanıb: " Yəni, biz bütün sahələrdə inkişafı, yenilikləri görürük. Əlbəttə, güclü iqtisadi potensial bizə imkan verəcək ki, gələcəkdə idman sahəsinə daha da böyük həcmdə investisiyalar qoyaq. İqtisadiyyatımız indi daha çox qeyri-neft sektoru hesabına inkişaf edir".
Ölkə başçısı bildirib ki, bu ilin yekunlarına görə, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artacaq: "Bu, onu göstərir ki, iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyat kimi inkişaf edir".
Ölkə başçısı bu il neft sahəsində hasilatda müəyyən tənəzzül olmasına da toxunub: "Mən bu barədə fikirlərimi, iradlarımı bildirmişdim. Çox şadam ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlayıb. Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan bp şirkəti bu fikirlərə, iradlara çox böyük məsuliyyətlə yanaşıb. Bu gün səhər bp şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqladı. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da, güclü əsaslar üzərində qurulub. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaq. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcək".
Prezident onun iradlarından sonra bu istiqamətdə açılan polemikalara da toxunub: "Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə verməyə çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində hər hansı ciddi problem var. Sanki Azərbaycan ilə, SOCAR ilə onun tərəfdaşları arasında hansısa problemlər var. Problemlər ola bilər. Ancaq bizim üstünlüyümüz ondan ibarətdir ki, bu problemlər aşkarlanır, biz vaxtında öz fikirlərimizi bildiririk. Tərəfdaşlarımız da iradlarımıza böyük maraqla və böyük məsuliyyətlə yanaşırlar. Sadəcə olaraq, demək istəyirəm ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar, həmin o adamlar ki, idmançılarımızın London Yay Olimpiya Oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin. Erməni lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu inkişafını istəməyən xarici qüvvələr sevinməsin".
Ölkə başçısı deyib ki, Azərbaycan iqtisadiyyatı güclüdür: "Neft-qaz sektorumuz iqtisadiyyatın dayağıdır. Yenə də qeyd etmək istəyirəm ki, bu sahədə Azərbaycan rəhbərliyinin qətiyyəti, tərəfdaşlarımızın məsuliyyəti və bp-SOCAR münasibətlərinin düzgün istiqamətdə davam etdirilməsi nəticəsində xoşagəlməz meyllərin qarşısı alındı və gələn ildən başlayaraq neft-qaz sektorunda sabit iqtisadi inkişaf təmin ediləcək".