İtaliya hökuməti "Alitalia ITA" adlanacaq yeni milli aviasiya şirkətinin yaradılmasına dair qərar verib.

Unikal.org-un xarici mətbuata istinadən verdiyi məlumata görə, ökənin ən böyük aviaşirkətinin yaradılması barədə xüsusi bir fərman İtaliyanın Maliyyə, Nəqliyyat, İqtisadi İnkişaf və Əmək nazirləri tərəfindən imzalanıb. Milli aviadaşıyıcının Avropa və beynəlxalq bazarda əhəmiyyətli bir rol oynayacağı deyilir.

Qeyd edək ki, 1946-cı ildə təsis edilən İtaliyanın "Alitalia" milli aviaşirkəti 10 ildən çoxdur iflas həddindədir. 2014-cü ilin avqust ayında "Alitalia" və "Etihad Airways" aviaşirkəti arasında "Alitalia"nın səhmlərinin 49%-ni BƏƏ aviaşirkətinə satılmasına dair müqavilə imzalanıb. Razılaşma şirkətin ümumi kapitalının 1,158 mlrd. avro təşkil etməsini nəzərdə tuturdu. Bununla birlikdə, 2017-ci ilin aprelində korporativ "referendumu" zamanı şirkətin işçiləri rəhbərliyin təklif etdiyi böhran əleyhinə planını rədd edib.

Nəticə etibarilə, "Alitalia" şirkətinə fövqəladə komissar təyin edildi və İtaliya hökuməti son illər aviaşirkətə cari fəaliyyətini davam etdirməsi üçün 1,3 mlrd. avro kredit ayırıb.

Beləliklə, yeni aviaşirkətin yaradılması "Alitalia"nın borcları ilə yanaşı son illər onun kədərli tarixini də geridə qoyacaq.