Avropa-Azərbaycan energetik tandemi
Avropa-Azərbaycan energetik tandemi

Belçika səfiri: "Azərbaycanla Avropa Birliyinin enerji sahəsində əməkdaşlığı hər iki tərəfə uduş gətirir"

Belçikanın Azərbaycandakı səfiri Luk Truyensin Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə bildirib ki, "Azərbaycan və Belçika arasında kifayət qədər məhsuldar əməkdaşlıq mövcuddur. Belçika kiçik, lakin ticarət sahəsində son dərəcə önəmli ölkə olduğuna görə, mən əsas diqqəti iqtisadi əlaqələrimiz üzərində cəmləşdirmək istəyirəm.

Mövzuya giriş olaraq düşünürəm ki, tarixi bir arayış kifayət qədər maraqlı olardı. Belçika Avropa qitəsində ən qədim sənaye ölkəsidir, hələ SSRİ-nin süqutundan əvvəl Azərbaycanla Belçika arasında iqtisadi əlaqələr inkişaf etmişdi. Bu səbəbdən iqtisadi əlaqələrimizin tarixi bir əsrə çatır. Belçika çar imperiyasında ən böyük sərmayəçi idi və Azərbaycanda fəaliyyətimiz kifayət qədər başa düşüləndir. Gerçəklikdə Belçika Qafqazda fəaliyyət göstərən ən böyük sənaye ölkəsi və ən çox sərmayə yatırmış üç ölkədən biri olub. Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadi əlaqələrimiz yenidən vüsət alıb. Azərbaycan dünyada güclü iqtisadi inkişafına görə tanınan ölkədir. Ölkəniz keyfiyyətli məhsullar və öz hədəflərini gerçəkləşdirmək üçün keyfiyyətli iş görən şirkətlər axtarırdı. Sənaye sahəsində yüksək istehsala malik olan Belçika Azərbaycanın inkişafına öz töhfəsini vermək üçün təcrübəsini təklif edə bilərdi. Tikinti sektorunda nəzərə çarpan dinamikanı misal çəkə bilərəm. Belçika şirkətləri bir sıra dəbdəbəli tikililərin tikilməsinə öz töhfəsini verib. Hazırda Belçikanın "Besix" şirkəti Azərbaycan Respublikası Dövlət Neft Fondu üçün yeni inzibati binanın tikintisinə məsuldur. Azərbaycan və Belçikanın birlikdə fəaliyyət göstərə bilməsini təsadüfi saymıram. Ölkələrimiz ölçülərinə görə eynidir. Hər iki ölkə ənənələrə malik, digər cəmiyyətlər üçün açıq ölkələrdir. Bu, bizim fərqli mədəniyyətlərin kəsişməsində yerləşməyimizin və müxtəlif tərəflərdən təsirlərə məruz qalmasının nəticəsidir. Belçika alman, anqlo-sakson və latın mədəniyyətinin kəsişməsində yerləşir. Azərbaycan tarixində türk, rus və fars elementlərinin qarışığı mövcuddur. Bununla da biz ətraf aləmi anlaya və asanlıqla ünsiyyət yarada bilirik".
Səfirin dediyinə görə, "Avropa Birliyi və Azərbaycanın energetika sahəsində strateji münasibətləri mövcuddur. Biz bir-birimizlə əməkdaşlığın üstünlüyünü görürük. Avropa Birliyi stabil neft və qaz təminatçısı axtarır. Azərbaycan isə öz resursları üçün stabil və etibarlı müştərilər axtarır. Azərbaycan bilir ki, Avropa Birliyi bu resurslara görə yaxşı qiymət ödəməyə hazırdır. Bu, hər iki tərəfə uduş gətirən situasiyadır. Ümid edirik ki, bu situasiya gələcəkdə də bu istiqamətdə davam edəcək".
Səfir Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın oynaya biləcəyi rola da toxunub: "Biz Dağlıq Qarabağ məsələsini diqqətlə izləyirik. Bu, mürəkkəb, faciəli tarixdir və burada olduğum iki il ərzində gördüm ki, bu sahədə tərəqqiyə nail olmaq asan deyil. Bu, o demək deyil ki, biz ümidlərimizi üzməli və səylərimizi azaltmalıyıq. Əksinə, biz diplomatik səylərimizi daha da gücləndirməliyik. Alternativ həll yolu - zorakılıqdır, bundan qaçmaq lazımdır. Təkcə ATƏT-in Minsk Qrupu deyil, Avropa Birliyi də münaqişənin həll yolunu tapmaq ciddi şəkildə köklənib. Avropa Birliyi bu sahədə öz fəaliyyətini gücləndirməyə hazırdır. Bu, xüsusilə Qafqaz ərazisində yerləşən Avropa Birliyi səfirlikləri çərçivəsində mümkündür. Səfir Fillip Lefort münaqişəni sülh yolu ilə həlli üçün Minsk qrupuna dəstək olaraq addımlar atır. Əminəm ki, münaqişənin həll yolu tapılacaq".
Diplomat Azərbaycanın Avropa Birliyinə daha geniş inteqrasiya edilməsindən danışarkən deyib: "Avropa Birliyi ölkələri bu quruma inteqrasiyaya məcbur etmir. Hər ölkə nə dərəcədə inteqrasiya etmək istədiyini özü müəyyənləşdirmək hüququna malikdir. Bu və ya digər ölkənin konkret məqsədi var və bu məqsədlər müqavilələrdə əks olunur. AB bu müqavilələrin reallaşacağına ümid edir. Faktiki saziş çərçivəsində Avropa Birliyi ilə Azərbaycan arasında dialoq həyata keçirilir. Baxmayaraq ki assosiasiya sazişi üzrə danışıqlar son aylar fəallaşıb ama biz bu prosesin gələcəkdə sürətləndirməyini istəyərdik, baxmayaraq ki, bu dialoq məsələn assosiativ saziş imzalanmasını və viza rejiminin sadələşdirilməsini nəzərdə tutur. Bu istiqamətlərdə danışıqlar tez-tez keçirilir və tərəqqiyə nail olmaq üçün yaxşı perspektivlər var. Azərbaycan ÜTT-nin üzvü olmadığına görə, dərin və hərtərəfli sazişin imzalanmasına dair danışıqlar aparmaq mümkün deyil. AB bu istiqamətdə dialoqun başlayacağına da ümid edir. Son nəticədə bu, xalqlarımızı daha da yaxınlaşdırmaq üçün münasibətlərimizə müsbət təsir göstərməlidir".

Sərraf